Şərur rayonu qarğıdalı və günəbaxan bitkilərinin əkilib becərilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malik olduğundan rayonda sözügedən bitkilərin əkininə, həmçinin məhsuldarlığının yüksəldilməsinə diqqət xeyli artırılıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tikintisi davam etdirilən Şərur Sənaye Məhəlləsində günəbaxan və qarğıdalı bitkilərindən yağ emal müəssisəsi də yaradılır. Burada yerli xammal hesabına qarğıdalı və günəbaxan yağı istehsal ediləcək. Bunun üçün xammal ehtiyatının yaradılması da qarşıda duran əsas məsələlərdəndir. Bu məqsədlə yağlılıq sortu yüksək olan qarğıdalı və günəbaxan əkininin genişləndirilməsi məqsədilə ailə və fermer təsərrüfatları ilə maarifləndirici görüşlər keçirilir. İstehsal olunacaq qarğıdalı və günəbaxan məhsulları müəssisə tərəfindən dəyəri nağd ödənilməklə satın alınacaqdır.