Son bir ayda muxtar respublikaya 727 ton toxumluq kartof gətirilib

A- A A+

Strateji ərzaq növü olan taxıl və kartof əkinləri ötən il muxtar respublikanın əkin sistemində üstün yer tutmuşdur. Ötən il ümumi əkin sahəsinin 50,9 faizi taxılçılığın payına düşmüşdür. Muxtar respublikada istehsal olunan buğdanın hər il müəyyən olunmuş qiymətlər əsasında mərkəzləşdirilmiş qaydada satın alınması, muxtar respublikada taxılın saxlanılması üçün anbarların inşası görülən əhəmiyyətli tədbirlərdəndir. Muxtar respublikanın ayrı-ayrı rayon və kəndlərində istifadəyə verilən 20 un dəyirmanı da istehsalçılarla əlaqəni gücləndirmişdir. Nəticədə mövsüm ərzində istehsal olunmuş 105808 ton dənli və dənli paxlalı məhsulların 67 min 474 tonu buğda olmuşdur. Bu isə yerli tələbatın təxminən 70-75 faiz həcmində ödənilməsi deməkdir.

Daxili bazarın kartofla təminatında idxaldan asılılığı azaltmaq, əhalinin tələbatının keyfiyyətli yerli məhsul hesabına ödənilməsini təmin etmək üçün muxtar respublikada əlverişli torpaq sahələri ayrılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində  3470 hektar sahədə kartof əkilmiş və 54689 ton məhsul götürülmüşdür.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu il də muxtar respublikada kartof əkininin başlanılması və əkinçilərin yüksək məhsuldarlığa malik kartof toxumları əldə edə bilmələri üçün hazırlıq işləri başa çatdırılmış, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Komissiya fəaliyyətə başladığı 9 fevral tarixindən 9 mart tarixinədək komissiyaya 217 sahibkar tərəfindən 699 hektar ərazidə əkin aparılması məqsədilə müraciətlər olunmuş, artıq 622 hektar ərazidə ölçülər dəqiqləşdirilmiş, 1866 ton rüsumsuz toxumluq kartof gətirilməsi üçün kvota sənədləri Dövlət Gömrük Komitəsinə göndərilmiş, 727 ton kartofun gətirilməsi təmin edilmişdir. Hal-hazırda bu proses davam etdirilir.

Məlumdur ki, aqrar sektorda məhsuldarlığın artırılmasına təsir göstərən mühüm amillərdən biri də istehsalçıların müasir texnika ilə təmin olunmasıdır. Bu sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, məhsuldarlığı artırmaq, istehsalçıları lazımi texnika ilə təmin etmək məqsədilə yaradılan "Naxçıvan Aqrolizinq" ASC öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Xaricdən alınıb gətirilən kənd təsərrüfatı texnikası, avadanlıq və mexanizmlər hüquqi və fiziki şəxslərə icarəyə verilir, lizinq yolu ilə istehsalçılara satılır. Lizinq yolu ilə verilən texnika və texnoloji avadanlığın dəyərinin 10 il müddətində ödənilməsi sahibkarların ürəyincədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: