Aqrar sektorun inkişafında mühüm vəzifələrdən biri soyuducu anbarların yaradılmasıdır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar republikamızda kənd təsərrüfatı məhsullarının saxlanması üçün ümumi tutumu 21.400 ton olan 50 soyuducu anbar yaradılmışdır ki, bunun da tutumu 14.070 tonu meyvə tərəvəz məhsullarının tədarükü üzrə ixtisaslaşmış, tutumu 7.330 tonu ümumi təyinatlı anbarlardır. Cari ilin ötən dövrü ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Şərur rayonunun Çəmənli və Babək rayonunun Badaşqan kəndlərində ümumi tutumları 750 ton olan 2 soyuducu anbarın yaradılması davam etdirilir.
Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. Müasir istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ilin ötən dövrü ərzində Şərur rayonunun Qarxun, Arpaçay, Mahmudkənd kəndlərində ümumi sahəsi 3494 kvadratmetr olan 4 istixana təsərrüfatının yaradılması və genişləndirilməsi başa çatdırılmışdır. Həmçinin Babək rayonunun Zeynəddin kəndində gülçülük istixana təsərrüfatının genişləndirilməsi də başa çatdırılmışdır. Ümumilikdə, muxtar respublikada 156 min 75 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 36 istixana təsərrüfatı fəaliyyət göstərir.
Hər il təşkil edilən, yerli məhsullarımızın satışına və təbliğinə geniş imkanlar açan, süni qiymət artımına maneə yaradan, bazardakı bolluğu təmin edən kənd təsərrüfatı yarmarkaları daxili bazarın inkişaf etdirilməsində əsas istiqamətlərdən biri kimi mühüm rol oynayır. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhəri və rayon mərkəzlərində təşkil olunan yarmarkalarda ailə təsərrüfatçılarına gətirdikləri məhsulların satışı üçün nümunəvi şərait yaradılmış və məhsullar bazar qiymətlərindən daha sərfəli qiymətlərlə istehlakçılara təklif edilmişdir.
Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilən tapşırıqların icrası diqqət mərkəzindədir. Qarşıdan gələn bayram ərfəsində təşkil olunacaq yarmarkada ailə təsərrüfatçıları birbaşa öz məhsullarını satışa çıxarmaq imkanı əldə edəcək, eyni zamanda ailə təsərrüfatları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarət “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən yerindəcə səyyari laboratoriya təhlilləri əsasında aparılacaqdır.