Qəbul olunmuş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin aparılması, lizinq xidmətinin gücləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının və meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafını təmin etmişdir.
Aqrar sahənin inkişafı həm də sənayenin inkişafına öz təsirini göstərir. Ona görə də diyarımızda həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri sənaye məhsulları istehsalı ilə davamlı inkişafa nail olmaqdır. Bu baxımdan hər il yeni istehsal müəssisələrinin yaradılması təqdir olunasıdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixdə Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında Fərman imzalamışdır. Naxçıvan iqtisadi regionunda Şərur Sənaye Məhəlləsinin yaradılması mühüm əhəmiyyət daşıyır. Burada fəaliyyət göstərəcək istehsal sahələri həmin məhsulların idxalının azaldılmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsinə imkan verəcək.
Qeyd edək ki, qazanılmış müsbət nəticələrin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq olunub. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsi diqqət mərkəzində saxlanılmış, yerli xammala əsaslanan qarğıdalı yağı və günəbaxan istehsalına başlanması nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan olunması ilə bağlı təsdiq edilmiş “Tədbirlər Planı”nda digər sahələrlə yanaşı, bitki yağı istehsalının inkişafının dəstəklənməsi qarşıya məqsəd qoyulmuşdur. Bitki yağı istehsal edən emal müəssisəsinin keyfiyyətli xammalla olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində yağlı günəbaxan sortu, yağ üçün qarğıdalı sortu və sair bitkilərin əkilməsi qeyd edilmişdir.
Yağlı bitkilər içərisində istifadə edilməsinə, təsərrüfat əhəmiyyətinə, iqtisadi səmərəliliyinə görə qarğıdalı və günəbaxan bitkilərinin özünəməxsus yeri vardır. Qarğıdalı xalq təsərrüfatında ərzaq, texniki məqsədlər və yem kimi istifadə edilən bitkidir. Dənin tərkibində, torpaq-iqlim şəraitindən və becərmə texnologiyasından asılı olaraq 65-75 faiz nişasta, 7,5-12 faiz zülal, 1-2 faiz şəkər, 4-8 faiz yağ (nüvəsində 40 faiz), 1,5-2 faiz kül elementləri, mineral duzlar və vitaminlər var. Müəyyən edilmişdir ki, ərzaq və texniki məqsədlə bu bitkidən 146 məmulatın hazırlanmasında istifadə olunur. Qarğıdalının dənindən un, yarma, konserv, nişasta, etil spirti, pivə, dekstrin, qlükoza, saxaroza, sirop (şirə), yağ, E və C vitaminləri alınır.
Qarğıdalı istiliksevən qısa gün bitkisidir, dənləri +8-100C temperaturda cücərməyə başlayır. Qarğıdalını həm növbəli əkin tətbiq etməklə, həm də bir neçə il eyni sahədə əkməklə becərmək mümkündür. Ən yaxşı sələflər payızlıq taxıllar, birillik dənli-paxlalı bitkilər, kartof, şəkər çuğunduru və sairdir. Torpağın becərilməsinə payızdan başlamaq lazımdır. Becərmə torpağın mexaniki tərkibindən, sələflərdən asılıdır. Qarğıdalı güclü kök sistemi əmələ gətirdiyindən torpağın dərin becərilməsinə tələbkardır.
Əkiləcək sahə bitki qalıqlarından təmizləndikdən sonra sahəyə üzvi və mineral gübrələr verərək 27-30 santimetr dərinliyində şumlamaq lazımdır. Erkən yazda sahə alaq otlarına qarşı mübarizə məqsədilə 12-15 santimetr dərinliyində kultivasiya edilərək malalanır və əkinə hazır vəziyyətə gətirilir.
Gələcəkdə baş verə biləcək xəstəliklərə qarşı mübarizə məqsədilə toxum vitavaks, rubin 2DS, tubazol, saneb M-22 və sair dərmanlarının biri ilə dərmanlanmalıdır. Qarğıdalı bitkisinə fiziki çəkidə muxtar respublika şəraitində 400-500 kiloqram azot, 500-600 kiloqram fosfor, 150-200 kiloqram kalium gübrələrinin verilməsi məsləhətdir.
Səpin norması torpaq-iqlim şəraitindən, toxumun iriliyindən və səpin sxemindən asılı olaraq dəyişə bilər. Dən almaq məqsədilə səpin norması hektara 20-25 kiloqram, silos və yaşıl yem üçün isə 25-30 kiloqrama qədər götürülə bilər. Toxumlar mexaniki tərkibi ağır olan torpaqlarda 5-6 santimetr, yüngül torpaqlarda 8-10 santimetr dərinliyə basdırılır. Toxum əkildikdən sonra sahədə suvarılma aparılmalıdır. Əgər torpaqda nəmlik tutumu yağıntı hesabına 65-70% həddində olarsa, suvarmaya ehtiyac yoxdur və həmin nəmlik hesabına sahədə normal çıxış alınacaqdır.
Qarğıdalı sahəsində alaq otlarına qarşı mübarizədə kimyəvi mübarizə üsulu daha səmərəli sayılır. Bundan ötrü, hektofermin (2,4 D amin duzu) herbisidlərindən istifadə olunur. Amin duzu hektara 2-2,5 litr normada istifadə edilir. Hektara işçi məhlul 300-400 litr işlədilə bilər.
Əkinçilik sistemində yağ almaq məqsədilə istifadə olunan yağlı bitkilərdən biri də günəbaxandır. Günəbaxan, əsasən, yağlı bitki kimi becərilir. Müasir sort və hibrid tumlarının tərkibində, 16 faiz zülal və 50-56 faiz açıq-sarı rəngli yaxşı dad keyfiyyətinə malik ərzaq yağı olur. Günəbaxan yağından təbii halda ərzaq yağı kimi, yeyinti sənayesində geniş istifadə edilir
Səpin üçün rayonlaşdırılmış sort və hibridlərin sağlam və yetişmiş birinci reproduksiyalı iri toxumlardan istifadə olunmalıdır. Toxumların cücərmə qabiliyyəti ən azı 92 faiz, təmizliyi isə 99 faiz olmalıdır. Gələcəkdə göbələk xəstəliklərinə qarşı saneb M-22, rubin 2DS və tubazol preparatlarının biri ilə 1 ton toxuma 1,5 kiloqram məsarif normasında dərmanlanmalıdır.
Səpin erkən yazda hava şəraitindən asılı olaraq mart ayının axırları və aprel ayının əvvəllərində aparılır. Səpin norması hektara 8-14 kiloqram toxum götürülür. Toxumların normal basdırılma dərinliyi 6-8 santimetr quraqlıq şəraitdə 8-10 santimetr dərinliyə basdırılır.
Günəbaxan bitkisinə fiziki çəkidə muxtar respublika şəraitində 200-250 kiloqram azot, 300-350 kiloqram fosfor, 150-200 kiloqram kalium gübrələrinin verilməsi məsləhətdir.
Sortlaşdırılmış və təmizlənmiş günəbaxan toxumları səpinə 1,5-2 ay qalmış (ancaq 2 həftədən az olmayaraq) kimyəvi maddələrlə dərmanlanır. Boz çürüməyə və yalançı unlu şeh xəstəliyinə qarşı saneb M-22 və trival forte preparatından istifadə edilir.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya kifayət qədər qarışıq (N-azot, P-fosfor K-kalium) tərkibli və karbamid gübrələri, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin xətti ilə yağlı qarğıdalı toxumu gətirilərək satışı təşkil edilmişdir.
Yaxın günlərdə isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin xətti ilə yağlı qarğıdalı və yağlı günəbaxan toxumu gətirilərək satışı həyata keçiriləcəkdir. Bu məqsədyönlü siyasətin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə əkilən yağlı qarğıdalı və yağlı günəbaxan bitkilərinin hər hektarına subsidiya verilməsi nəzərdə tutulmuşdur.
Muxtar respublikada əkin aparan mülkiyyətçilərin əkdikləri məhsullarının təbii fəlakətlərdən qorunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 yanvar 2020-ci il tarixli Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılmışdır. Risk və fəlakətlərlə üzləşən istehsalçılar, aqrar sığortadan səmərəli istifadə edərək bu riskləri kompensasiya edə bilərlər. Deməli, əkilən hər hektar yağlı qarğıdalı və yağlı günəbaxan sahələrinə görə subsidiyaların verilməsi, istehsal olunan məhsulun dövlət tərəfindən mülkiyyətçilərə sərf edən qiymətə alınması ilə yanaşı, onların təbii fəlakətlərdən qorunması da mülkiyyətçilərin ümumi marağına xidmət edir.
Zəkəriyyə GÖZƏLOV
Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin aparat rəhbəri