Cari ilin yanvar-fevral aylarında aparılan nağdsız əməliyyatların həcmi 24 milyon 719 min 639 manat təşkil edib
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Xidmətin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşlərdə nağdsız ödənişlərin fərqli ödənişləri eyni vaxtda evdən və ya iş yerindən ayrılmadan yerinə yetirilməsi, vergilərin, rüsumların və digər büdcə ödənişlərinin, kommunal xərclərin, internet vasitəsilə ödənilməsi, elektron ödənişlərin qısa müddətdə şəxsi vərəqədə əks olunması, aviabiletlərin və digər mal və xidmətlərin internet vasitəsilə əldə olunması kimi üstünlükləri haqqında kart sahiblərinə məlumat verilib.
Çıxışlarda diqqətə çatdırılıb ki, “Naxçıvanbank” ASC-yə məxsus ödəniş kartları üçün “CİB”, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus ödəniş kartları üçün “İBA-mobil”, Kapitalbank” ASC-yə məxsus ödəniş kartları üçün isə “BİRBANK” mobil bank tətbiqlərini mobil telefonlara yükləməklə bank xidmətlərindən istifadə etmək mümkündür.
Bildirilib ki, nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması nəticəsində əhalidə nağdsız ödənişlərə maraq daha da artır, ödənişlərin əhatə dairəsi genişlənir. 01 mart 2022-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 116, POS-terminalların sayı 1554, ödəniş terminallarının sayı isə 150 ədəd təşkil edib. Cari ilin yanvar-fevral aylarında aparılan nağdsız əməliyyatların həcmi 24 milyon 719 min 639 manat təşkil edib ki, bunun da 18 milyon 76 min 962 manatı internet və digər ödəniş vasitələri ilə, 6 milyon 642 min 677 manatı POS-terminallar vasitəsilə həyata keçirilib.