“Defscope” MMC Naxçıvanda vebinar təşkil edib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nazirliyin və struktur bölmələrinin aidiyyəti əməkdaşları üçün vebinar keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, vebinarda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev nazirlik tərəfindən ixtisaslı kadrların hazırlanması, işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb.
“Defscope” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Sirius Computer Solutions” şirkətinin aparıcı məsləhətçisi, “İNSECO” İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin həmtəsisçisi Vüsal Salmanlı kibertəhlükəsizliyin bu günün texnologiya dünyasında hər kəs üçün zəruriliyini, veb saytların və ya tətbiqlərin tərtibi zamanı kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini qeyd edib.
Həmçinin vebinarda serverlərin quraşdırılması və istifadəsi zamanı təhlükəsizlik qaydalarına diqqət edilməsi, verilənlər bazasının etibarlı mühafizəsi, kompüter şəbəkələrindən, şəbəkə resurslarından icazəsiz girişlərin, sui-istifadənin və bu kimi digər halların qarşısının alınması, məlumatların qorunmasında istifadəçinin mümkün kiberhücumlardan necə mühafizə olunması barədə ətraflı məlumat verilib.
Sonda nazirliyin proqramçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə fevral ayı ərzində “Microsoft” korporasiyası və “HUAWEİ Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən də müvafiq mövzularda təlimlər keçirilib.
Leyla Cəfərzadə