Sentyabrın 12-də Milli Məclisin aqrar siyasət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclası açan komitə sədri Eldar İbrahimov əvvəlcə yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 18 məsələ, o cümlədən 14 qanun layihəsi müzakirə edilib. Bu sənədlərin əksəriyyəti Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul olunub. Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi köməklik göstərilib.
Hesabat dövründə komitənin ünvanına daxil olan 57 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 45-i araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib.
Sonra Eldar İbrahimov payız sessiyası ərzində görüləcək işlərdən danışıb. Bildirilib ki, qarşıdakı sessiyada "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcək.
Deputatlar komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.
Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.
Əvvəlcə "Yaşıllıqların mühafizəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, sənədin 11.0.2-ci maddəsində "və bələdiyyədən" sözləri
“,bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən" sözləri ilə əvəz ediləcək.
Həmçinin "Yaşıllıqların mühafizəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə 2017-ci il 31 oktyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə bir sıra texniki xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Sonra deputatlar gündəlikdəki məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.