“Defscope” MMC tərəfindən seminarlar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nazirliyin və yerli qurumlarının proqramçıları üçün “Elektron informasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib.

“DEFSCOPE” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Sirius Computer Solutions” şirkətinin aparıcı məsləhətçisi, “İNSECO” İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin həmtəsisçisi Vüsal Salmanlı kibertəhlükəsizliyin bugünün texnologiya dünyasında hər kəs üçün zəruri olduğunu vurğulayıb və bu səbəbdən proqramlaşdırma, veb saytların hazırlanması, mobil tətbiqlərin tərtibi, şəbəkələrin və serverlərin qurulması zamanı təhlükəsizlik qaydalarına əməl olunması, informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində və istifadəçilər üçün informasiya sistemlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınması tövsiyə olunur.

Həmçinin informasiya təhlükəsizliyi üzrə sınaqlar və hücumların tipləri, metodologiyası, təhdidlərin növləri, bu sahədə tətbiq olunan kibertəhlükəsizlik həlləri barədə seminar iştirakçılarına ətraflı məlumat verilib. 

Seminarın sonunda proqramçıları maraqlandıran suallar cavablandırılıb.

“Defscope” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada fəaliyyət göstərən banklarda çalışan əməkdaşlar üçün isə “Bank sistemlərinin proqram təminatlarında istifadə olunan müasir proqramlaşdırma texnologiyaları, banklarda informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi və bank əməliyyatlarının aparılması zamanı zərərverici proqram təminatlarından müdafiə üsulları” mövzusunda seminar keçirilib.

Əvvəlcə Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev çıxış edərək tədbirin əhəmiyyəti barədə danışıb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev rabitə və yeni texnologiyalar sahəsinə göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının yaxşılaşdırılması, mobil rabitə xidmətinin əhatə dairəsinin genişləndirilməsi diqqətdə saxlanılır. O cümlədən, nazirlik tərəfindən ixtisaslı kadrların hazırlanması, işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Nazir seminarın mövzusunun əhəmiyyətinə də toxunaraq müasir dövrdə informasiyanın qorunması və saxlanılmasının vacibliyini də qeyd edib.

“ORİENT” İnformasiya Texnologiya Mərkəzinin təsisçisi, “Java” proqramlaşdırma dili üzrə peşəkar təlimçi, “Bank Respublika” ASC-nin meneceri Fuad Paşabəyli bank sektorunda istifadə olunan müasir proqramlaşdırma texnologiyaları haqqında onlayn təlim keçib.

“DEFSCOPE” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Sirius Computer Solutions” şirkətinin aparıcı məsləhətçisi, “İNSECO” İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin həmtəsisçisi Vüsal Salmanlı seminarda bildirib ki, informasiya texnologiyaları bank işinin həyata keçirilməsində həlledici rol oynayır və bu texnologiyalar insanlara lazımlı əməliyyatların aparılması üçün əhəmiyyətli dərəcədə şərait yaradır. Müasir texnologiyalardan istifadə və rəqəmsal transformasiya prosesi kiberhücumların artmasına da zəmin yaradır. İnformasiya təhlükəsizliyinin əsas anlayışları, kompüter sistemlərində və şəbəkələrində informasiya hədələri haqqında məlumatlar təhlil edilməli, bu zaman yarana biləcək təhlükələri azaltmaq üçün risklərə nəzarət edilməli, İnformasiya Təhlükəsizliyi sistemlərinin, saxlanılan məlumatların və sənədlərin qorunması, ehtiyat surətlərin yaradılması təmin olunmalıdır.

Təlimdə bank sektorunda kiberhücumların tipləri, metodologiyası, təhdidlərin növləri, beynəlxalq təcrübədə istifadə olunan kibertəhlükəsizlik həlləri və təhdidlərinin qarşısının alınması üsulları haqqında da ətraflı məlumat verilib. Banklarda informasiya təhlükəsizliyinin təşkil edilməsi, risklərin effektiv idarə edilməsi və onların səmərəli tətbiqi yollarından bəhs edilib.

Bu il aprel ayının 1-dən qüvvədə olması nəzərdə tutulmuş “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” haqqında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 14 iyul 2021-ci il tarixli Qərarına əsasən banklarda informasiya təhlükəsizliyinin təşkil edilməsi barədə də seminar iştirakçılarına ətraflı məlumat verilib.

Seminarın sonunda bank əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: