Soyuducu anbar və istixana təsərrüfatları yaradılır

A- A A+

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərurda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə aqrar sektorda kompleks tədbirlərin uğurla həyata keçirilməsi daxili bazarda məhsul bolluğu yaradıb.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası rayonda meyvəçiliyin inkişafına təkan verib. Əhalinin payız-qış mövsümündə də meyvə və tərəvəz məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə tələbatdan artıq istehsal olunmuş məhsulların soyuducu anbarlara qəbulu və onların standartlara uyğun şəkildə saxlanılması təmin edilir. 

Dövlət proqramında müasir tələblərə cavab verən soyuducu anbarların və istixana komplekslərinin qurulmasının davam etdirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulub. 2022-ci ilin ötən dövrü ərzində Şərur rayonunun Qarxun, Arpaçay, Mahmudkənd yaşayış məntəqələrində özəl investisiya hesabına ümumi sahəsi 3494 kvadratmetr olan 4 istixana təsərrüfatının yaradılması və genişləndirilməsi başa çatdırılıb. Həmçinin rayonun Çəmənli kəndində dövlət maliyyə dəstəyi ilə ümumi tutumu 150 ton olan 1 soyuducu anbarın yaradılması davam etdirilir. Həyata keçirilən tədbirlər bütün mövsümlər üçün münasib qiymətdə məhsulların bazara çıxarılmasını asanlaşdırmaq məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu digər layihələrlə yanaşı, Şərur rayonunda soyuducu anbarların qurulması və istixana təsərrüfatlarının yaradılmasına güzəştli kredit ayırmaqda davam edir. Son illər ərzində bu məqsədlə fonddan şərurlu sahibkarlara 11 soyuducu anbarın yaradılması üçün 567 min 500 manat, 12 istixana təsərrüfatının yaradılması məqsədilə 431 min 500 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Fondun güzəştli kreditləri hesabına bu layihələrin reallaşdırılması yeni iş yerlərinin açılmasına imkan yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: