Dünya əhalisinin durmadan artmaqda olan ərzaq tələbatının ödənilməsində, eləcə də heyvandarlığın və quşçuluğun yem bazasının gücləndirilməsində, insanların qidalanmasında və sağlamlığında bitkiçilik məhsullarının rolu böyükdür. Dənli bitkilər bu məhsullar içərisində qida mənbəyi, sənaye üçün qiymətli xammal kimi xüsusi yer tutur. Dənli bitkilər içərisində qarğıdalı ən qiymətli ərzaq və yem bitkisidir. Müəyyən edilib ki, ərzaq və texniki məqsədlə bu bitkidən 146 növ məmulatın hazırlanmasında istifadə olunur. Qarğıdalının dənindən un, yarma, konserv, nişasta, etil spirti, pivə, deksterin, qlükoza, saxaroza, sirop, yağ, qlütamin turşusu, mis elementi, E və V vitaminləri alınır. Gövdə, yarpaq və qıçasından kağız, linoleum, viskoz, süni probka, plastmas, fəallaşdırılmış kömür, yuxugətirici dərman və sair hazırlanır. Qarğıdalı həm xalq təbabətində, həm də rəsmi təbabətdə xüsusi rola malikdir. Aparılmış təcrübələrlə sübut olunub ki, qarğıdalı yağı istifadə edən yaşlı insanların orqanizmində cavanlaşma prosesi gedir. İqtisadi cəhətdən də çox faydalıdır.
Bu bitkinin əkilib-becərilməsindən danışarkən qeyd etməliyik ki, qarğıdalı istiliksevən qısa gün bitkisidir. Dənləri + 8-100C temperaturda cücərməyə başlayır və çıxışların alınması üçün 10-120C temperatur tələb olunur. Qarğıdalı toxumunun cücərməsi üçün dənin kütləsinin 35-40 faizi qədər rütubət lazımdır. Optimal temperatur 20-250C-dir ki, bu halda cücərtilər 5-6 günə əmələ gəlir və çox yaxşı inkişaf edir. Cücərtilərin ilk inkişafı üçün hərarətin nisbətən aşağı olması kifayətdir, sonra isə tələbat artır. 120C-dən aşağı temperaturda cücərtilərin inkişafı dayanır. Cücərtilər müvəqqəti olaraq 2-30C şaxtaya dözür. Kök kütləsi yerləşən torpaq qatında hərarət 240C olduqda kök sistemi daha yaxşı fəaliyyət göstərir. İstiliksevən bitki kimi tezyetişən sort və hibridlər üçün 21-240C, orta və gec yetişənlər üçün isə 26-300C fəal temperatur tələb olunur. Maksimal temperatur 400C-dir.
Bu bitki sələflərə çox tələbkar deyil. Bioloji xüsusiyyətlərinə görə qarğıdalı bir sahədə dəyişmədən becərilməyə meyilli olan bitkilərə aiddir. Qarğıdalı üçün ən yaxşı sələflər payızlıq taxıllar, birillik dənli-paxlalı bitkilər, kartof və sairdir.
Təkrar əkin bitkisi kimi qarğıdalını payızlıq buğda və arpadan sonra əkib, eyni sahədən həmin ildə iki dəfə məhsul götürmək mümkündür. Qarğıdalı yaxşı gübrələnmiş torpaqlarda və yüksək aqrotexniki qulluq şəraitində eyni tarlada bir neçə il təkrar əkildikdə belə, yüksək məhsul verə, bu cür təkrar əkin aparıldıqda tarlada iki dəfə dən və silos məhsulu yetişdirilə bilər.
Bitkinin payızlıq buğda və arpa əkinindən sonra təkrar əkinləri aparıldıqda vahid sahədən bir il ərzində iki dəfə məhsul götürülməsi mümkün olur. Qarğıdalı güclü kök sistemi əmələ gətirdiyindən torpaqda dərin şum aparılmasına və qida maddələrinə tələbkar bitkidir. Bunun üçün vegetasiya dövründə normal böyüyüb inkişaf etməsi və yüksək məhsul verməsi üçün bu bitki üzvi və mineral gübrələrlə təmin edilməlidir. Bitkilərdə gedən proseslərin tənzimlənməsində azot, fosfor və kalium elementlərinin xüsusi əhəmiyyəti vardır. Qarğıdalı üçün gübrə normaları hesablanan zaman göstərilən məhsulun miqdarı nəzərə alınmalıdır. Bu gün qarğıdalı sahəsindən bol və keyfiyyətli məhsul almaq üçün qarğıdalı əkini sahəsinin hər bir hektarına təsiredici maddə hesabı ilə üzvi gübrə verilməsi vacibdir.
Toxumun keyfiyyəti, səpin müddəti, norması və basdırılma dərinliyinə gəldikdə normal və sağlam cücərtilər almaq üçün eyniölçülü, 1000 ədəd dənin kütləsi çox olan, laboratoriya cücərmə qabiliyyəti 100 faizə yaxın olan və birinci sinfin tələblərinə cavab verən 1-ci nəsil (F1) toxumlar səpilməlidir.
Qarğıdalı dəninin məhsuldarlığına təsir edən əsas amil onun səpin müddətidir. Səpin nə qədər erkən əkin müddətində aparılarsa, çiçəkləmə dövründə torpaqda nəmlik bir o qədər çox olur, tozlanma dövründə nə qədər çox əlverişli temperatur rejimi yaranarsa, dənin məhsuldarlığı bir o qədər yüksəlir.
Muxtar respublikanın aran rayonlarında optimal səpin müddəti aprel ayının birinci ongünlüyü, dağlıq və dağətəyi rayonlarda isə ikinci ongünlüyü hesab olunur. Qarğıdalı dən üçün becərildikdə səpin zamanı cərgəaraları 70 santimetr, bitkilərarası məsafə isə 18-20 santimetr götürülür. Bu əkin sxemində bir hektar sahədə 71-79 min ədəd bitki yerləşir. Silos və yaşıl yem kimi becərildikdə isə cərgəarası məsafə 70 santimetr, bitkilərarası məsafə isə 12-14 santimetr götürülür. Bu əkin sxemində isə bir hektar sahədə 102-119 min ədəd bitki sayı ola bilər.
Alaq otlarına qarşı mübarizə tədbirləri də vaxtlı-vaxtında aparılmalıdır. Hazırda alaq otlarına qarşı kimyəvi mübarizədə bir sıra herbisidlərdən istifadə olunur. Herbisidlər bir tərəfdən əl əməyini azaldır, digər tərəfdən isə mədəni bitkilərin məhsuldarlığını xeyli artırır.
Qarğıdalı bitkisinin əsas xəstəlikləri qovuqlu sürmə, tozlu sürmə və fuzariozdur. Qarğıdalı əkini sahələrində xəstəliklərin yaranmaması üçün əkilən toxumlar əgər dərmanlı ( xəstəlik və zərərvericilərə qarşı) deyilsə səpinqabağı toxum (1,5 kiloqram/1000 kiloqram) hesabı ilə “Rubin 2DS”, “Tubazol” və ya “Saneb M-22” preparatlarının biri ilə dərmanlanmalıdır.
Qarğıdalı bitkisinə, əsasən, məftil qurdu, danadişi, pambıq sovkası, gövdə kəpənəyi, payızlıq əkin sovkası, mənənələr ziyan vurur. Mübarizə məqsədilə səpin zamanı toxumlar dərmanlanmalı və bitkilər yüksək aqrotexniki qaydada becərilməlidir.
Qarğıdalı vegetasiya müddətində çox su tələb edən bitkidir. Hava şəraitindən asılı olaraq qarğıdalı vegetasiya müddətində 3-4 dəfə suvarılmalıdır.
Muxtar respublikamız qarğıdalı bitkisinin becərilməsi, ondan yüksək və keyfiyyətli məhsulun alınması üçün əlverişli torpaq-iqlim şəraitinə malikdir.
Qeyd olunmalıdır ki, diyarımızda əkin vaxtı məhsuldar toxuma üstünlük verilir, tələb olunan gübrələrdən aqrotexniki qaydalar əsasında istifadə edilir. Bu baxımdan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya kifayət qədər qarışıq tərkibli və karbamid gübrələri, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxs xəttilə toxumun keyfiyyət göstəricilərinə cavab verən torpaq-iqlim şəraitinə uyğun məhsuldar, tezyetişən, xəstəlik və ziyanvericilərə qarşı davamlı qarğıdalının yağlı sort və hibridləri gətirilərək satışı təşkil edilib. Bu sort və hibrid nümunələri bunlardır: “Dekalb-6808”, “Dekalb-60-50”, “Dekalb-64-92”, “KVS-55-81”, “Pioner-1241” və sair. Qarğıdalının bu çeşidləri mövcuddur və satışı davam edir. Bu sort və hibridlər bir neçə ildir ki, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Yardımçı Təcrübə Təsərrüfatında sınaqdan keçirilib və yüksək nəticələr əldə olunub.
Fikrət Həsənov
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin
müavini-Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat
Birliyinin baş direktoru