Naxçıvanda Maliyyə Tədris Mərkəzində keçirilən növbəti təlim başa çatıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda keçirilən təkmilləşdirici təlim başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlimə rayon İcra Hakimiyyətlərinin tabeliyində olan inzibati ərazi dairə üzrə nümayəndəliklərdə maliyyə və mühasibatlıq işi üzrə çalışan 21 nəfər əməkdaş cəlb olunub.

Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova təlimin məqsədi, keçirilməsinin zəruriliyi barədə məlumat verib. Qeyd olunub ki, təlimlərin təşkil olunmasında məqsəd mühasiblərin biliklərinin beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi ilə yanaşı, həm də bacarığı və marağı olan mühasibləri təlimçi kimi yetişdirməkdən ibarətdir.

Təlimin ilk günü “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” modulu ətrafında Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan İşıqlandırma və Reklam Tərtibat İdarəsinin mühasibi Ziya Quliyev çıxış edib. Mövzuya müvafiq olaraq müəssisələrdə gündəlik əməliyyatların sənədləşmə işinin həyata keçirilməsi, aparılmış əməliyyatların mühasibat uçotunda əks etdirilməsi, memorial orderlərin yazılması, dövriyyə kitablarının işlənilməsi və maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartları əsasında hazırlanması qaydaları izah edilib.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin mühasibi İman Yusifov “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkilinin əsasları” modulu ətrafında danışaraq əmək haqqının və son hesabın hesablanması, əmək haqqından tutqular, işçilərin məzuniyyət hüququ, məzuniyyətin növləri və hesablanması, onun əmsallaşdırılması və digər məsələlərlə bağlı praktiki məlumat verib.

Təlimin sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçirilib, müvəffəqiyyət əldə edən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: