“Naxçıvan” Universitetinin tələbələri Dövlət Vergi Xidmətində istehsalat təcrübəsi keçirlər - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, istehsalat təcrübəsində “Naxçıvan” Universitetinin Maliyyə ixtisasında təhsil alan tələbələr iştirak edir.
Bununla bağlı keçirilən görüşdə xidmətin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli Sərəncamı kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Xidmət rəisi qeyd edib ki, təhsil sahəsinə göstərilən diqqət dövlət siyasətinin əsas prioritetlərindəndir.
“Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyin Bağırsoylu diqqətə çatdırıb ki, Dövlət Vergi Xidmətinin əməkdaşları tələbələrin ixtisaslı kadr kimi formalaşması üçün müntəzəm olaraq universitetdə görüşlər keçirir, vergi qanunvericiliyinin sirlərini tələbələrə aşılayırlar. Xidmətdə istehsalat təcrübəsinə cəlb olunan tələbələr isə iş proseslərini yaxından izləməklə biliklərini daha da dərinləşdirirlər.
Sonra tələbələr Xidmətin müvafiq şöbələrinin və bölmələrinin fəaliyyət istiqamətləri ilə tanış olublar. Vergi ödəyicilərinə xidmət şöbəsində hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması qaydaları, İnformasiya texnologiyaları və proqram təminatı bölməsində elektron hökumətin üstünlükləri və tətbiq edilən elektron xidmətlər barədə geniş məlumatlar verilib. Həmçinin vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi, vergi ödəyiciləri ilə münasibətləri fiziki cəhətdən məhdudlaşdırma, eyni zamanda həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılması tələbələrə ətraflı şəkildə izah olunub.