“Hazır mühasib” layihəsinə start verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı əsasında “Hazır mühasib” layihəsinin onlayn açılış tədbiri keçirilib.
Mərkəzin direktoru Mehriban İmanova çıxış edərək mühasibat uçotunu beynəlxalq standartlara uyğunluğu, xərcləri və gəlirləri düzgün hesablamaq, maliyyə vəziyyətini şəffaf şəkildə qiymətləndirmək məqsədlə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təsisçisi Radil Fətullayev bildirib ki, bu günə qədər mərkəz tərəfindən minlərlə mühasib hazırlanıb, gənclər üçün iqtisadi sahədə bir sıra maraqlı layihələr icra edilib. Bu layihələrdə ölkəmizin bir sıra universitetlərinin tələbələrinin iştirak etdiyi və nəticədə sertifikat alaraq işlə təmin olunduğu qeyd edilib.
Tədbirdə ödənişsiz iştirak edən tələbə-gənclər beynəlxalq standartlara uyğun maliyyə hesabatlarını hazırlayıb təqdim etməyi, beynəlxalq mühasibat uçotu ilə vergi uçotu arasında olan fərqlərin öyrənilməsi, bir sözlə mühasibat sahəsi ilə bağlı nəzəri və praktiki biliklərin artırılması bacarıqlarını qazanıblar.
Tədbirin sonunda iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd muxtar respublikada kadr hazırlığına və gənclərin karyera planlarına dəstək olmaqdan ibarət olub.
Leyla Cəfərzadə