Ötən il Şərurda 4,4 hektar sahədə tütün yetişdirilib, 9,8 ton yüksək keyfiyyətə malik quru tütün əldə olunub. Məhsuldarlıq hər hektardan 22,3 sentner təşkil edib.
Torpaq mülkiyyətçiləri bu il əkin sahələrini genişləndirmək və intensiv becərmələrə üstünlük verməklə quru tütün istehsalını daha da artırmaq əzmindədirlər. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə mülkiyyətçilər “Cahan Tabak Beynəlxalq” MMC-nin Tütünyetişdirmə Mərkəzinin əkin materialından istifadə edirlər. Mərkəzin mütəxəssisləri tərəfindən tütün şitilinin sahələrə köçürülməsi və aqrotexniki qaydalara əməl olunması istiqamətində sahibkarlara lazımi dəstək də göstərilir.
Cəlilkənd sakini Nəcəf Əliyevin başçılıq etdiyi ailə təsərrüfatının üzvləri bu mövsümdə 6 hektar sahədə tütün əkməyi planlaşdırırlar. İlkin olaraq optimal müddətdə 1,1 hektar sahədə tütün əkini həyata keçirilib. Əkində məhsuldar “Vircinya” sortundan istifadə olunub.
Ümumiyyətlə, mütəşəkkil hazırlıqdan sonra rayonun bütün ailə təsərrüfatlarında tütün əkinlərinə başlanılıb. Mütəxəssislər bildirirlər ki, tütün bitkisinə aqrotexniki qaydalar əsasında qulluq göstərildikdə məhsuldarlıq da artır, daha çox iqtisadi səmərə əldə edilir. Yaz-tarla işlərinin vaxtında həyata keçirilməsində ailə təsərrüfatının üzvləri, xüsusən də zəhmətkeş qadınlar yaxından iştirak edirlər. Bitkilərin vegetasiya dövründə tələb olunan bütün tədbirlər vaxtında və düzgün həyata keçirilir.
Məhəmməd Fərəcov