Bu gün muxtar respublikamızın hansı bölgəsinə üz tutsaq, sahibkarların hərtərəfli qayğı ilə əhatə olunduğunu görərik. Bunu Babək rayonunun timsalında da görmək mümkündür. Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Babək rayonunda 1 mebel istehsalı sahəsinin, 1 süd emalı müəssisəsinin, 7 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq və 1 gülçülük istixana təsərrüfatının genişləndirilməsi olmaqla 11 sahənin yaradılması başa çatdırılıb.
Həmçinin qeyd olunan dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Babək rayonunda Babək “Sirab” ASC-nin yeni istehsal xəttinin, 1 mebel istehsalı müəssisəsinin, ümumi tutumu 600 ton olan 1 soyuducu anbarın, 1 heyvandarlıq təsərrüfatının, 2 avtomobil təmiri sahəsinin yaradılması, 1 alma sirkəsi istehsalı müəssisəsinin və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi olmaqla, ümumilikdə 8 sahənin yaradılması davam etdirilib.
Biznesə yeni başlayan kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bölgələrdə əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə sahibkarların özəl investisiya qoyuluşu ilə yanaşı, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən göstərilən maliyyə dəstəyinin də mühüm rolu vardır. Cari ilin yanvar-mart ayları ərzində bu istiqamətdə tədbirlər davam etdirilib, Sahibkarlığın İnkişafı Fondu tərəfindən Babək rayonunda 3 layihənin reallaşdırılmasına 1 milyon 545 min manat kredit ayrılıb. Verilən kreditlərin 1 milyon 500 min manatı Babək “Sirab” ASC tərəfindən yeni istehsal xəttinin yaradılmasına, 45 min manatı isə heyvandarlıq təsərrüfatlarının yaradılmasına sərf olunub. Həmçinin fond tərəfindən cari ilin yanvar-mart aylarında 1 ailə təsərrüfatına 30 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Babək rayonunda sahibkarlıq fəaliyyəti üçün yaradılmış şərait öz bəhrəsini verməklə, hər il yeni-yeni biznes sahələrinin yaradılmasına səbəb olur. Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, biznesin təşkilinin sadələşdirilməsi, texniki avadanlıqların alınmasına güzəştlər edilməsi və daxili bazarın qorunması çoxlu sayda yeni sahibkarlıq obyektlərinin yaradılmasına imkan verir ki, bütün bunlar da muxtar respublika əhalisinin daha keyfiyyətli yerli məhsullarla təmin olunması deməkdir.
Çinarə Balayeva
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi