Ərəb mətbuatında Azərbaycanın iqtisadi tərəqqisi barədə geniş məqalə dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Əl Ənbat, “Cohina, “Nəbd Əl Balad”, “Əl Hərir” qəzet və portallarında yayımlanan yazıda ölkəmizin müstəqillik illərində qazandığı iqtisadi uğurlar, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən transmilli enerji və kommunikasiya layihələri haqqında ətraflı məlumat yer alıb.
Məqalənin müəllifi, rus əsilli iordaniyalı jurnalist Yelena Neduqina qeyd edib ki, iqtisadi tənəzzülə uğrayan Ermənistanın işğal siyasətini davam etdirdiyi illər ərzində Azərbaycan rəhbərliyi öz ölkəsinin başçılığı ilə nəhəng sərmayə layihələri həyata keçirib və bunun nəticəsində daha da qüdrətli olan Azərbaycan Ordusu cəmi 44 gün ərzində əraziləri düşməndən azad edə bilib. Məhz Prezident İlham Əliyevin düşünülmüş və təmkinli siyasəti sayəsində iqtisadi qüdrəti ildən-ilə artan Odlar yurdu yalnız öz gücü ilə müharibədə qalib gəlib və yüksək iqtisadi potensialı ilə azad olunmuş torpaqlarda böyük bərpa-quruculuq işləri həyata keçirir.
Müəllif daha sonra vurğulayıb: “Pandemiya və arxada qalmış müharibəyə rəğmən Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində cari ilin ilk rübündə ÜDM-nin həcmi 6,8 faiz, qeyri-neft sektorunda inkişaf tempi sürətlənərək 10 faiz artıb. Azərbaycanda əhalinin pul gəlirlərində də əhəmiyyətli artım qeydə alınıb. Qeyri-neft sektorunda 1,4 faiz, neft-qaz sektorunda isə 6,2 faiz artım olub. Adambaşına düşən ÜDM-nin həcmi isə 6.279 manata çatıb”.
Məqalədə, həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli neft və qaz layihələri barədə ətraflı məlumat verilib.