Naxçıvanda “Bank-təlim məktəbi” layihəsi çərçivəsində təlimlər təşkil olunub - FOTOLAR

A- A A+

Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində “Bank-təlim məktəbi” layihəsi çərçivəsində keçirilən təlimlərdə muxtar respublikanın banklarında çalışan 40 fəal gənc iştirak edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Bankından, “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən və “International Consulting Company”dən cəlb olunmuş əməkdaşların təlimçi qismində iştirakı ilə reallaşıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev layihənin əhəmiyyətinə toxunub, təlimlərin muxtar respublikada bank sektorunun inkişafı baxımından önəmini vurğulayıb, bank savadlılığının ictimai dəyər kimi tanınmasında, bank əməkdaşlarının maliyyə savadlılıq səviyyəsinin artırılmasında bu amilin mühüm rol oynadığını qeyd edib. Bildirib ki, təlimlərin məqsədi iştirakçıların bank sektoru ilə əlaqəli bilik və bacarıqlarının təkmilləşdirilməsindən və inkişaf etdirilməsindən ibarətdir.

Daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankının eksperti İbrahim Ağayev Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşəbbüsü ilə bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini vurğulayıb, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maarifləndirici təlim və seminarların keçirilməsinə bundan sonra da müvafiq dəstəyin göstəriləcəyini bildirərək tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə əvvəlcə “International Consulting Company”nin direktoru Ramin Bayramov “Müasir bank məhsulları və xidmətləri” mövzusunda məlumat verib. Bildirib ki, hazırda banklar tərəfindən aktiv, passiv və vasitəçilik olmaqla, müxtəlif əməliyyatlar həyata keçirilir və pərakəndə bank xidmətləri sürətlə inkişaf edir. Əhaliyə bank məhsulları internet-bank, sms-bank, mobil-bank, avtomatlaşdırılmış bank köşkləri kimi ən müasir texnoloji vasitələrlə təklif edilir. O, bank sisteminin regional şəbəkəsinin və maliyyə xidmətlərinə çıxış imkanlarının daha sürətlə genişləndiyini, digər tərəfdən bankların beynəlxalq maliyyə bazarlarında aktiv fəaliyyətə başladığını qeyd edib.

Daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankının eksperti İbrahim Ağayev “Biznes etikası” mövzusunda çıxış edərək təşkilatda etikanın vacibliyi, etikanın elementləri və əhəmiyyəti, təşkilatın etik mədəniyyətinin analizi, prinsipləri və onların tətbiqi, etik qərar vermə bacarıqları və etik təlimatların mənbələri haqqında iştirakçılara məlumat verib. 

“Bankçılıqda rəqəmsal trendlər və bank məhsullarının onlayn satışı” mövzuları çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rəqəmsal marketinq şöbəsinin müdiri Sərvər Cəfərov çıxış edib. Sərvər Cəfərov tədbir iştirakçılarına rəqəmsal sahədə qlobal trendlər, rəqəmsal bankçılıq konsepsiyası və qabaqcıl maliyyə bazarlarına malik ölkədə bu konsepsiyanın realizasiya istiqamətləri, ölkəmizdə formalaşan rəqəmsal sistemdə innovativ bankçılıq haqqında məlumat verib.

Təlimin sonunda bank əməkdaşları arasında sorğu keçirilib. 

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi bank əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yönəlmiş silsilə tədbirləri bundan sonra da davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: