Yağlı günəbaxanın sort və hibridlərinin becərilməsində məhsuldarlığa necə nail olaq

A- A A+

Muxtar respublikanın coğrafi mövqeyi, iqlim şəraiti günəbaxan bitkisinin becərilməsi, yüksək və keyfiyyətli məhsul alınmasına imkan yaradır. İnsanların qidalanmasında bitki yağlarının əhəmiyyəti böyükdür. Günəbaxan yağlı bitkilər içərisində ən əhəmiyyətli və müxtəlif məqsədlər üçün istifadə edilən bitkidir. 

Günəbaxanın sort və hibrid toxumlarının tərkibində 16 faiz zülal və 50-56 faiz açıq-sarı rəngli, yaxşı dad keyfiyyətinə malik ərzaq yağı olur. Yağın tərkibində onun ərzaq keyfiyyətini yüksəldən 62 faizə qədəri bioloji aktiv linolium turşusu, eləcə də fosfatidlər, A, D, E, K vitaminləri vardır. Günəbaxan yağından təbii halda ərzaq yağı kimi, yeyinti sənayesində, çörək-bulka və qənnadı məmulatlarının, balıq və tərəvəz konservlərinin, marqarin və mayonez hazırlanmasında geniş istifadə edilir. Eyni zamanda lak-boyaq, sabunbişirmə, gön-dəri aşılama, ətriyyat, toxuculuq və sair sənaye sahələrində də istifadə olunur.

Günəbaxan toxumlarının qabığından xammal kimi sənayedə hektoz və pentoz şəkərlərinin alınmasında istifadə olunur. Hektoz şəkərlərindən spirt, pentoz şəkərindən furfurol alınır ki, bundan da süni lif, qırılmayan plastmas şüşələr hazırlanır. Eyni zamanda sənayedə linolium, müşəmbə, sukeçirməyən parçalar və sair alınır. Yağlı bitkilər həm də zülal mənbəyidir. Günəbaxanın yaşıl kütləsindən iribuynuzlu mal-qara üçün yem və keyfiyyətli silos alınır. Dənlər yığıldıqdan sonra qurudulmuş səbətlər heyvandarlıqda  əlavə yem mənbəyinə xidmət edir. Quru səbət çıxımı dənin 55-60 faizini təşkil edir. Səbətdən hazırlanmış 1 sentner unun yem vahidi 80, asan həzm olunan protein isə 3,8-4,3 kiloqrama bərabərdir. Günəbaxanın gövdəsindən yanacaq kimi və pəncərə şüşəsi hazırlanmasında istifadə edilir.

Xalq təbabətində günəbaxanın dilcik çiçəklərindən hazırlanmış həlimdən sarılıq, ürək xəstəlikləri, bronxial spazmalarında, mədə-bağırsaq xəstəliklərində, malyariya, qrip, yuxarı tənəffüs yollarının selikli  qişasının iltihabı xəstəliklərində istifadə olunur. Günəbaxan mikroelementlərlə zəngindir. Cərgəarası becərilən bitki kimi günəbaxan bir çox kənd təsərrüfatı bitkiləri üçün yaxşı sələfdir. Arılar üçün xammal mənbəyidir. Günəbaxanın birillik mədəni formalarının vətəni bizim ölkədir.

Birillik bitki olan günəbaxan güclü şaxələnən mil kökə sahibdir. Torpağın dərinliyinə 2-3 metr, ətrafa (yanlara) isə 1-1,2 metrə qədər yayılır. Yarpaqları uzun, şabalıdı iri, oval, ürək formalı, iti nəhayətli və kənarları mişar kimidir. 

Çiçəyi səbət şəklində olub, dilşəkilli və boruşəkillidir. Günəbaxan çarpaz tozlanan bitkidir. Meyvəsi toxum hesab edilir və tum adlanır. 

Günəbaxan istilik, işıq, nəmlik və qida maddələrinə tələbkardır. Torpaqda temperatur 4-6 0C olduqda toxumlar cücərməyə başlayır. Bu temperaturda  cücərtilər 20-30 günə əmələ gəlir. 8-10 0C temperaturda cücərtilər 15-20, 15-16 0C temperaturda 9-10, 200C temperaturda isə 6-8 günə əmələ gəlir. Torpağa səpilmiş günəbaxan toxumları qısa müddətdə şaxtalara dözür. Odur ki, toxumları torpağa erkən yazda səpmək olar. Vegetasiyanın əvvəlindən çiçəkləməyə qədər havanın orta sutkalıq temperaturu 22 0C, çiçəkləmədən yetişməyə qədər isə 24-25 0C əlverişli hesab olunur. Nəmliyə tələbatı müxtəlifdir. Belə ki, günəbaxan cücərtilərinin alınmasından çiçəklənmə dövrünə qədər suya az tələbkardır. Çiçəkləmə və dənə dolma dövründə günəbaxanın nəmliyə tələbatı çoxalır.

Bataqlıq, qumlu və turş torpaqlardan başqa qalan torpaqlarda yüksək aqrotexnika tətbiq etməklə günəbaxandan yüksək məhsul götürmək mümkündür. Bu bitki bəzilərinə nisbətən qida maddələrinə daha tələbkardır. Günəbaxan azot elementini, əsasən, səbət əmələ gəldikdə çiçəkləmənin sonuna qədər, fosforu cücərtilər alındıqdan çiçəkləməyə qədər, kaliumu isə səbətlərin əmələ gəlməsindən dənin yetişməsinə qədər tələb edir. Onun vegetasiya müddəti tezyetişən  sortlarda 90-100, ortayetişən sortlarda isə 100-125 gün davam edir.

Günəbaxan üçün ən yaxşı sələflər payızlıq və yazlıq dənli və taxıl bitkiləri, dənlik və silosluq qarğıdalıdır. Günəbaxan aid olduğu fəsilənin xəstəlik və ziyanvericiləri ilə zədələnməsin deyə növbəli əkin tarlasına bir neçə ildən sonra qayıdılmalıdır. Günəbaxanın özü yazlıq buğda, vələmir, arpa və digər yazlıq taxıllar üçün yaxşı sələfdir. 

Günəbaxan bitkisindən yüksək məhsul almaq üçün torpağın səpinə hazırlanmasına xüsusi diqqət yetirmək lazımdır. Belə ki, istifadə edilən texnikanın hərəkəti, sahənin şumlanması, məhsulun yığılması, aparılan bütün aqrotexniki tədbirlər sahənin relyefindən çox asılıdır. Günəbaxan güclü kök sistemi əmələ gətirdiyindən torpaqda dərin şum aparılmasına tələbkardır. Bunun üçün əkiləcək sahə tez yığılan sələflərdən təmizləndikdən sonra sahəyə bitkinin bütün vegetasiya dövrü üzvi və mineral gübrələrə olan tələbatını ödəyəcək (nəzərdə tutulan) miqdarda üzvi, fosforun və kalium gübrələrinin hamısı dondurma şumunun altına verilərək sahə 25-30  santimetr dərinlikdə şumlanmalıdır. 

Günəbaxan bitkisi 1 ton əsas və əlavə məhsulla torpaqdan 70 kiloqram azot, 27 kiloqram fosfor və 170 kiloqram kalium elementi aparır. Ona görə də üzvi və mineral gübrələrdən istifadə etmədən günəbaxan bitkisindən yüksək məhsul götürmək mümkün deyildir. Bunu nəzərə alaraq hektara 15-20 ton üzvi gübrə və təsiredici maddə hesabı ilə 45 kiloqram azot, 90 kiloqram fosfor, 90 kiloqram kalium verilməlidir. Torpağa verilən üzvi gübrə onu qidalı maddələrlə zənginləşdirir, torpağın fiziki keyfiyyətini yaxşılaşdırır və mikrobioloji prosesləri gücləndirir. Gübrələrdən istifadə edilməsi bitkilərin kök sisteminin və yerüstü orqanlarının güclü inkişaf etməsinə şərait yaradır. Digər tarla bitkilərində olduğu kimi, gübrələrin çox hissəsi əsas şum altına, bir hissəsi səpinlə birlikdə və bir hissəsi isə yemləmə şəklində verilir. Günəbaxan vegetasiyanın birinci dövründə fosfor gübrəsinə xüsusi tələbat göstərir. Bu bitki fosfor qidası ilə yaxşı təmin olunduqda dənlərdə yağ faizi artır.

Azot gübrəsi bitkinin boyunu sürətləndirir, iri yarpaqlar, gövdə və səbətlərin formalaşmasını təmin edir. Lakin yüksək azot norması tumlarda zülalın toplanmasını artırır və yağlılığı tez aşağı salır.    Normal və sağlam cücərtilər almaq üçün eyniölçülü, rayonlaşdırılmış yağlı sort və hibridlərin sağlam və yetişmiş birinci reproduksiyalı iri toxumlarından istifadə olunmalıdır. Toxumların cücərmə qabiliyyəti ən azı 96 faiz, təmizliyi 99 kiloqram, 1-ci sinfin tələblərinə cavab verə bilən xəstəlik və zərərvericilərə qarşı dərmanlanmış 1-ci nəsil (F1) toxumlar səpilməlidir. Günəbaxan toxumları cücərmə qabiliyyətini tez itirdiyindən səpin üçün yalnız keçənilki toxumlardan istifadə olunmalıdır.

Toxum Türkiyə istehsalı olan TUMASON markalı toxumsəpən aqreqatla, cərgəarası becərmələr isə ACM – L markalı aqreqatla yerinə yetirilir.

Günəbaxan əkini sahəsini alaqlardan mühafizə etmək üçün növbəli əkin sistemi gözlənilməli, xəstəlik və ziyanvericilərə qarşı davamlı sort və hibridlərdən istifadə olunmalı, toxumlar dərmanlanmalıdır. Kimyəvi mübarizə məqsədilə yaxşı olar ki, günəbaxan toxumu səpindən 2-3 gün əvvəl torpağa 3 litr pendimetalin və ya 3 litr terflan preparatlarının biri ilə 400 litr suda qarışdırılıb alaq otlarının toxumlarını məhv etmək məqsədilə çiləmə aparılsın.
    Günəbaxan, əsasən, yalançı unlu şeh, fomoz, ağ, boz və kül rəngli çürümə pas xəstəlikləri ilə sirayətlənir. Bu kimi xəstəliklər məhsuldarlığı ciddi surətdə aşağı salır. Günəbaxanın əkin sahələrində xəstəliklərin yaranmaması üçün toxumlar saneb M – 22, rubin 2 DS və tubazol preparatlarının biri ilə 1 ton toxuma 1,5 kiloqram məsarif normasında dərmanlanmalıdır.

Günəbaxan bitkisinə əsas məftil qurdları, çöl sisəkləri, çəmən kəpənəkləri,  mənənələr, bitki taxtabitləri, odlucalar və sair böyük ziyan vurur. Bitkini zərərvericilərdən mühafizə etmək üçün toxumların dərmanlanması və bitkilərin kimyəvi preparatlarla işlənməsi qaçılmazdır. 

Baxmayaraq ki, günəbaxan quraqlığa davamlı bitkidir, ancaq becərərkən yaxşı məhsul əldə etmək üçün torpaqda yüksək nəmlik ehtiyatının olması zəruridir. Hava şəraitindən asılı olaraq günəbaxan vegetasiya müddətində 4 dəfə suvarılmalıdır. Birinci suvarma 2-4 cüt yarpaq fazasında, ikinci suvarma səbətcik əmələ gəldikdə, üçüncü suvarma çiçəkləmənin əvvəlində, dördüncü suvarma isə toxumların dənə dolduğu dövrdə aparılır.

Torpaq-iqlim şəraitinə uyğun məhsuldar, tezyetişən, xəstəlik və zərərvericilərə  qarşı davamlı sort və hibridlərin alınaraq fermer təsərrüfatlarında geniş sahələrdə becərilməsi olduqca əhəmiyyətlidir. Bu baxımdan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya kifayət qədər qarışıq tərkibli və karbamid gübrələri, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin xətti ilə toxumun keyfiyyət göstəricilərinə cavab verən, torpaq-iqlim şəraitinə uyğun məhsuldar, tezyetişən, xəstəlik və ziyanvericilərə qarşı davamlı olan günəbaxanın yağlı sort və hibridləri gətirilərək satışı təşkil edilib. Bir neçə ildir ki, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Yardımçı Təcrübə Təsərrüfatında yağlı günəbaxan bitkisinin əkini sınaqdan keçirilib və yüksək nəticələr əldə olunub. 

Fikrət Həsənov
Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, 
Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: