Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində aparılan işlər 2022-ci ilin birinci rübündə də davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 1 aprel 2022-ci il tarixində əsas ödəniş alətlərindən olan POS-terminal aparatlarının sayı muxtar respublika üzrə 1548-ə çatdırılıb ki, bunların da 739 ədədi Naxçıvan şəhərində, 809-u rayon və kənd mərkəzlərində quraşdırılıb. Ödəniş terminallarının sayı isə 150 ədəd təşkil edib ki, onların 56-sı MilliÖn ödəniş terminalı olmaqla, 74 ədədi Naxçıvan şəhərində, 76-sı rayon mərkəzlərində yerləşdirilib, bankomatların sayı isə 116 ədəd olub. Sözügedən dövrdə 38 milyon 924 min 721 manat nağdsız ödənişin 11 milyon 13 min 885 manatı POS-terminallar, 27 milyon 910 min 836 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.
Qeyd olunan dövrdə muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektlərində 206 vergi ödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 130 min 719 manat, 732 vergi ödəyicisi tərəfindən isə öz şəxsi kartları vasitəsilə 323 min 975 manat vergi, sosial və dövlət büdcəsinə digər ödənişlər nağdsız qaydada ödənilib.
Xidmət mərkəzləri və POS-terminal quraşdırılmış kənd mərkəzlərində sahibkarlıq subyektləri və vətəndaşlarla maarifləndirici görüşlər keçirilib, daha çox nağdsız ödənişlər aparan vətəndaşlar arasında “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 16-cı tirajı keçirilib və muxtar respublika üzrə 431 sakinə 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim olunub.