Naxçıvanın turizm imkanları Mərkəzi Asiyanın ən böyük peşəkar turizm platformasında - FOTOLAR
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti aprelin 20-dən Qazaxıstanın Almatı şəhərində başlamış “KİTF 2022” Beynəlxalq Turizm və Səyahət Sərgisində təmsil olunur.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Agentliyə istinadən xəbər verir.
Aprelin 22-nə qədər davam edəcək sərgidə milli stendimizdə 5 yerli turizm şirkəti, 2 mehmanxana qrupu, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan Turizm Departamenti və “Duzdağ Hotel” iştirak edir. Stenddə ölkəmizin, o cümlədən işğaldan azad olunan ərazilərin turizm potensialı, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir. Bundan başqa, sağlamlıq turizminə həsr olunmuş xüsusi pavilyonda Azərbaycanın bu istiqamətdə potensialı və mövcud imkanları ziyarətçilərə təqdim olunur.
Sərgi çərçivəsində Qazaxıstan turizm şirkətləri, eləcə də digər Mərkəzi Asiya ölkələrindən olan şirkətlərin və turizm üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri ilə görüşlər keçirilir. “Yeni trendlər: inkişaf məqamları və sistemlər” adlı panel sessiyada DTA, Azərbaycan Turizm Bürosu, “Kazakh Tourism” təşkilatı, eləcə də AZAL və “Aİr Astana” şirkətlərinin nümayəndələri çıxış ediblər.
2001-ci ildən hər il təşkil olunan “KİTF” sərgisi Mərkəzi Asiya üzrə ən böyük peşəkar turizm platforması hesab olunur. 15 ölkədən 250-yə yaxın turizm şirkəti və təşkilatının qatılacağı gözlənilən sərgidə ölkələrin turizm imkanları və turizm məhsulları tanıdılaraq, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur.