“Sənaye ili”nə həsr olunmuş vebinar keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin  təşkilatçılığı ilə “Sənaye ili”nə həsr olunmuş “Sənaye müəssisələrində mühasibat uçotunun təşkilinin aktual məsələləri” adlı vebinar keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, vebinara  ölkənin müxtəlif müəssisə və təşkilatlarını təmsil edən 60-a yaxın  iştirakçı qoşulub. Vebinara moderatorluq edən Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova muxtar respublikamızda sənaye quruculuğu istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, muxtar respublikamızda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının uğurla reallaşdırılması nəticəsində ümumi daxili məhsulun həcmi 13 dəfə, sənaye məhsulları istehsalının həcmi 42 dəfə artıb, muxtar respublika aqrar regiondan sənaye regionuna, elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, ixracda müsbət saldoya nail olunub, ərzaq təhlükəsizliyi və sənayeləşmənin davamlı inkişafı üçün mühüm şərt sayılan enerji təhlükəsizliyi təmin edilib.

Mehriban İmanova qazanılan nailiyyətlərin davamı olaraq ixracyönümlü məhsul istehsalı ilə müəssisələrin beynəl­xalq bazarlara çıxışını təmin etmək, uçot və biznes proseslərini yeniləmək, təkmilləşdirmək üçün maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və tətbiqinin  vacib amil olduğunu deyib.

Vebinarda “Azərbaycanda peşəkar mühasibin bu günü və gələcəyi”, “Sənaye müəssisələrində mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilinin üstünlükləri və qarşıya çıxan çətinliklər”, “Mühasibat uçotu sahəsində kadr hazırlığı və karyera imkanları”, “Beynəlxalq standartlara keçid şəraitində mühasibat uçotunun konseptual əsasları və qarşıya qoyulan xüsusi tələblər” mövzularında çıxışlar dinlənilib. Çıxışlarda  mühasibat uçotu sahəsində peşəkarlığa gedən yol,  bu istiqamətdə dünya təcrübəsi, beynəlxalq standartların tətbiqi zamanı diqqət yetirilməli olan məsələlər iştirakçıların müzakirəsinə təqdim edilib,  onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin keçirilməsində məqsəd sənaye müəssisələrində mühasibat uçotunun  ümumi standartlar əsasında təşkilinin mühüm istiqamətlərinin müzakirə edilməsi və  maarifləndirmə işinin aparılmasından ibarət olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: