Elektron xəzinədarlıq əməliyyatları sistemindəki yeniliklər izah edilib - FOTOLAR
Muxtar respublikanın müxtəlif təşkilatlarından maliyyə və mühasibat işçiləri “Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sitemi”ndə olan yeniliklərə bağlı təlimlərə cəlb olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən təlimdə sistemdə qurulan yeni modullar vasitəsilə ödəniş tapşırıqları və kassa xərclərinin sifarişi sənədlərində olan yeniliklər, eyni zamanda “Xərclər cədvəli” modulu praktiki olaraq izah olunub.
100-ə yaxın iştirakçının qatıldığı təlimdə nazirliyin əməkdaşı Vüsal Məmmədov sistemdə olan yeniliklərin mahiyyətini diqqətə çatdırıb. Praktik olaraq izah edilib ki, belə yeniliklərin olması müəssisələrin daha sürətli və rahat işləməsinə, eyni zamanda bank-maliyyə əməliyyatları zamanı səhvlərin minimuma endirilməsinə imkan verəcək.
Nazirliyin Xəzinə və Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbələrinin əməkdaşları tərəfindən təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilərək növbəti sistem yenilənməsi zamanı nəzərə alınacağı bildirilib.
Sevgili Mustafazadə