Tələbələr Maliyyə Nazirliyində istehsalat təcrübəsində olublar - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan tələbələri hamilik proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində istehsalat təcrübəsində olublar. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sahibkarlar Günü münasibətilə keçirilən növbəti tədbirdə tələbələr maraqlı layihələrini təqdim ediblər.

Tələbələrlə görüşdə Maliyyə Nazirliyi yanında Maliyyə Tədris  Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək ölkədə Sahibkarlar Gününün təsis olunmasının sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, sahibkarlığın inkişafına göstərilən qayğının mühüm göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, hazırda muxtar respublikada sahibkarlığa hərtərəfli dəstək göstərilir və bunun nəticəsidir ki, ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür. Vurğulanıb ki, gəncləri, xüsusilə iqtisadiyyatyönümlü ixtisaslarda təhsil alan tələbələri sahibkar kimi şəxsi biznesləri barədə fəal və yaradıcı düşündürməyə, onları sahibkarlıq fəaliyyətinə həvəsləndirməyə və bu istiqamətdə araşdırma aparmağa sövq etmək sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Naxçıvan Dövlət Universitetinin müəllimi, təcrübə rəhbəri Mehparə Məmmədova sahibkarlığın cəmiyyətin sürətli inkişafını təmin etdiyini və bu səbəbdən bazar iqtisadiyyatı şəraitində sahibkarlığın cəmiyyətin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olduğunu qeyd edib.

Sonra tədbir layihələrin təqdimatı ilə davam edib. Tələbələr müəllifi olduqları “Birlikde.Az”, “FastCarry” və mövzusunun aktuallığına görə fərqlənən “ForesTexno” layihələrini təqdim ediblər. Təqdimat zamanı tələbələrin maliyyə hesabatlarını investorların marağını cəlb edəcək şəkildə tərtib etməsi xüsusilə diqqət cəlb edib. Müzakirə şəklində davam edən görüşdə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan və komanda şəklində layihələr təqdim edən tələbələrə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: