Naxçıvanda “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı” başa çatıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı” başa çatıb.
İlk dəfə könüllülərlə iş sahəsində məsul əməkdaşlar üçün keçirilən proqramın bağlanış mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev layihənin uğurla başa çatdığını bildirib, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, 22-24 aprel tarixlərini əhatə edən proqram çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov “Azərbaycanın gənclər siyasəti”, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli “Könüllülüyün qanunvericilik üzrə əsasları”, “DOST” Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Ruslan Mirzəliyev “Könüllülərin müsahibə prosesinin təşkili” və Bakı Şəhər Halqası Könüllüləri Proqramının koordinatoru Tural Hümbətov “Könüllülərin cəlb olunması və saxlanması” mövzularında təlim keçiblər.
Proqramın sonunda keçirilən mövzuları əhatə edən imtahan təşkil olunub və iştirakçılar imtahan nəticələrinə uyğun olaraq könüllülərlə iş sahəsində nəzəri və praktiki biliklərini təsdiqləyən xüsusi sertifikatlarla təltif ediliblər.
Şövkət Kərimli