Naxçıvan Biznes Mərkəzində Sahibkarlar Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Biznes Mərkəzində 25 aprel - Sahibkarlar Günü münasibətilə tədbir keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, eləcə də müxtəlif sahələr üzrə fəaliyyət göstərən 47 sahibkar iştirak edib.

Tədbirdə iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək muxtar respublikada innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, cari ilin ötən dövrü ərzində 43 istehsal və xidmət sahəsi istifadəyə verilib, yeni duz istehsalı müəssisəsinin, enerji içkiləri, salfet, spirtli içki, yun iplik, əl arabası və kiçik kənd təsərrüfatı alətləri istehsalı sahələrinin yaradılması istiqamətində işlər davam etdirilib.

Tapdıq Əliyev vurğulayıb ki, 2022-ci ilin Naxçıvanda “Sənaye ili” elan olunması, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlərin davam etdirilməsi muxtar respublikada iqtisadiyyatın inkişafına və şaxələndirilməsinə əlavə imkanlar yaradır. İlk mərhələdə bitki yağı, kağız-paket və karton tara, ayaqqabı, mebel məmulatları istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 3 milyon 939 min manat dəyərində 4 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 50 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Vurğulanıb ki, muxtar respublikanın sahibkarlıq subyektləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış Sahibkarlığın İnkişafı Fondu tərəfindən İndiyədək 1692 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 181 milyon 740 min manatdan çox kredit ayrılıb, 300-ə yaxın ailə təsərrüfatına 3 milyon 474 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cari ildə Şərur Sənaye Məhəlləsində yerli xammal hesabına qarğıdalı və günəbaxan yağı da istehsal ediləcəkdir. Bunun üçün xammal ehtiyatının yaradılması da qarşıda duran əsas məsələlərdəndir. Bu məqsədlə ailə və fermer təsərrüfatları tərəfindən yağlılığı yüksək olan qarğıdalı və günəbaxan sortları əkininin aparılmasına üstünlük verilməlidir. İstehsal olunacaq qarğıdalı və günəbaxan məhsulları müəssisə tərəfindən dəyəri nağd ödənilməklə satın alınacaqdır.

Aparılan iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərindən də danışan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, muxtar respublikanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsində ixrac təşviqi mexanizmləri xüsusi əhəmiyyət kəsb edir. İndiyədək 20 layihə üzrə 96 milyon 434 min 119 manat məbləğində investisiya təşviqi sənədi, 56 ixrac əməliyyatı üzrə isə 119 min 366 manat ixrac təşviqi ödənilib, 404 biznes-forum, sərgi və konfransda dövlət dəstəyi ilə 2 mindən artıq sahibkarın iştirakı təmin edilib.

Tapdıq Əliyev sahibkarlara göstərdiyi yüksək diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə dövlətimizə minnətdarlığını bildirib. İqtisadiyyat naziri iştirakçıları Sahibkarlar Günü münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbəri Vüsal Süleymanlı sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə “Ləzzət Qida Sənaye” ММC-nin direktoru Teymur Rzayev və Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyi İdarə Heyətinin sədri Mübariz Şirəliyev dövlətin sahibkarlığın inkişafına göstərdiyi qayğını yüksək qiymətləndiriblər.

Sahibkarlar adından çıxış edən Cəmşid Həsənov yaradılan şəraitə görə minnətdarlıq edib.

Sonra “Ləzzət Qida Sənaye” ММC-yə “İlin ixracatçısı”, sahibkar Ceyhun Abdullayevə “İlin ən yenilikçi sahibkarı” nominasiyaları üzrə mükafatlar təqdim edilib.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, qarşıya çıxan məsələlərin həlli istiqamətində  aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və təkliflərin verilməsi, əhalinin rifah halının yüksəldilməsi məqsədilə sahibkarlıq subyektlərinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sosial qayğıya ehtiyacı olan ailələrə aktivlərin verilməsində yaxından iştirak etmək və işə qəbul zamanı qazi və şəhid ailələrinə üstünlük verilməsi, bu qruplar üzrə kvotaların müəyyənləşdirilərək aidiyyəti quruma təqdim olunması tövsiyə olunub.     

Sonda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi  inkişafını əks etdirən filmə və Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxış olub.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: