Muxtar respublikada əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi üçün bir sıra işlər görülür

A- A A+

Muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Əhalinin ərzağa olan tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılmış və bu proses davam etdirilir.

Qeyd edək ki, fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuş tapşırıqların icrası diqqət mərkəzindədir.

Kənd təsərrüfatının inkişafı muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyəti üçün də geniş imkanlar açır. İstər məhsul istehsalı və satışı üçün yaradılan şərait, istərsə də texnika təminatı və dövlət maliyyə dəstəyinin göstərilməsi ailə təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının əksər hissəsinin aqrar sahə üzrə ixtisaslaşması daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına öz töhfəsini verir.

Bu istiqamətdə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 süd məhsullarının emalı sahəsinin və 1 arıçılıq təsərrüfatının yaradılması, Şərur rayonunda 2 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Ordubad rayonunda 1 heyvandarlıq, 1 limonçuluq təsərrüfatının yaradılması, 1 bağçılıq təsərrüfatının genişləndirilməsi, Şahbuz rayonunda 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının yaradılması, Kəngərli rayonunda 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Sədərək rayonunda 1 heyvandarlıq təsərrüfatının yaradılması başa çatdırılmışdır.

Həmçinin, dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 unlu-qənnadı məmulatların istehsalı sahəsinin genişləndirilməsi, Şərur rayonunda 3 heyvandarlıq, 1 bağçılıq təsərrüfatının yaradılması, 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Babək rayonunda 1 heyvandarlıq, 1 arıçılıq təsərrüfatının yaradılması, 1 alma sirkəsi istehsalı sahəsinin və 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, Şahbuz rayonunda 1 heyvandarlıq təsərrüfatının yaradılması, Kəngərli rayonunda 1 çaxır istehsalı sahəsinin genişləndirilməsi davam etdirilmişdir.

Yeni növ və çeşiddə məhsul istehsalına nail olunması, idxalı əvəzedən məhsulların həcminin artırılması məqsədilə layihələr hazırlanmış, ailə təsərrüfatlarının maarifləndirilməsi məqsədilə Naxçıvan şəhəri, Şərur, Babək və Kəngərli rayonlarında 5 halda  ailə təsərrüfatları ilə keçirilmiş görüşdə  layihələri təqdimatı olmuşdur. Bu layihələrin reallaşdırılması və təsərrüfatların fəaliyyətinin stimullaşdırılması məqsədilə cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 14 ailə təsərrüfatına 235.300,0 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

 Ailə təsərrüfatlarında istehsal olunan məhsulların maya dəyərinin aşağı salınması, satış həcminin artırılması, ixrac qabiliyyətinin genişləndirilməsi məqsədilə təsərrüfatların taralarla təminatı diqqətdə saxlanılmış, ötən dövr ərzində  ailə təsərrüfatları 27 adda 1900 çeşiddə tara ilə təmin olunmuşdur.

Muxtar respublikada aqrar sektorun inkişafı hər zaman ön planda tutulur. Bu sahədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, iqtisadi dəyəri yüksək layihələrin həyata keçirilməsinin təşviqi yerli xammal ehtiyatlarından istifadənin genişləndirilməsinə yol açır. Bu məqsədilə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində yeni plastik məmulatlar istehsalı xəttinin və Babək rayonunda 1 süd məhsullarının emalı sahəsinin yaradılması başa çatdırılmış, Naxçıvan şəhərində enerji içkilərinin istehsalı sahəsinin, Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin, Babək rayonunda Babək “Sirab” ASC tərəfindən yeni mineral su istehsalı xəttinin yaradılması, alma sirkəsi istehsalı sahəsinin genişləndirilməsi, Ordubad rayonunda heyvandarlıq kompleksinin yenidən qurulması və süd məhsullarının emalı sahəsinin, Kəngərli rayonunda yeni duz istehsalı müəssisəsinin yaradılması, çaxır istehsalı sahəsinin genişləndirilməsi davam etdirilmişdir.

Cari ilin ötən dövrü ərzində  yerli xammala əsaslanan  istehsal sahələrinin yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2.270.800,0 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Hər il təşkil edilən, yerli məhsullarımızın satışına və təbliğinə geniş imkanlar açan, süni qiymət artımına maneə yaradan, bazardakı bolluğu təmin edən kənd təsərrüfatı yarmarkaları daxili bazarın inkişaf etdirilməsində əsas istiqamətlərdən biri kimi mühüm rol oynayır. Bayram ərfəsində təşkil olunmuş yarmarkada 208 ailə təsərrüfatçısı birbaşa öz məhsullarını satışa çıxarmaq imkanı əldə etmiş, eyni zamanda ailə təsərrüfatları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarət “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən yerindəcə aparılmışdır.

Muxtar respublikada kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulan vəzifələr bundan sonra da diqqət mərkəzində saxlanılacaq, ardıcıl tədbirlər həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: