Son illərdə muxtar respublikada dinamik iqtisadi inkişafı səciyyələndirən əsas cəhətlərdən sənayenin üstün inkişafının təmin edilməsidir. Sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlar qazanılıb. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2004-cü ildəki 10,6 faizdən 2021-ci ildə 27,1 faizədək yüksəlib, muxtar respublikada 400-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər hesabına ümumi dəyəri 112 milyon 509 min manat olan 279 sənaye layihəsi maliyyələşdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2022-ci ilin "Sənaye ili" elan olunması bu sahədə işləri daha da genişləndirib, sənayeləşməni sürətləndirib. Ali Məclis Sədrinin sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda prioritet istiqamətlər - sənaye potensialının gücləndirilməsi, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, ixracyönümlülüyünün və rəqabətqabiliyətliliyinin təmin edilməsi, təbliğat və təşviqat işləri müəyyənləşdirilibdir.
Bu istiqamətlərə uyğun olaraq cari ilin ötən dövrü ərzində müvafiq tədbirlər həyata keçirilib. Belə ki, yerli xammala əsaslanan istehsal sahələrinin qurulması, keyfiyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması məqsədilə 67 istehsal və xidmət sahəsi istifadəyə verilib, yeni duz istehsalı müəssisəsinin, enerji içkilərinin istehsalı, salfet, spirtli içki istehsalı, yun iplik istehsalı, kiçik kənd təsərrüfatı alətləri istehsalı sahələrinin yaradılması istiqamətində işlər davam etdirilib.
Sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən cari ilin ötən dövrü ərzində 10 layihənin maliyyələşdirilməsinə 4 milyon 775 min manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalıb, bəziləri üzrə isə ixrac potensialı yaranıb.
Sənaye iqtisadiyyatın dinamik inkişaf edən və qlobal çağrışlara uyğun olaraq daim yenilənən, yeni yanaşma və mexanizmlərə açıq olan sahəsidir. Rəqabətqabiliyyətli və yüksək texnologiyalara əsaslanan sənaye istehsalının artırılması, elmtutumlu sənaye sahələrinin inkişafı məqsədilə yeni mexanizmlər tətbiq olunur. Bu baxımdan, innovativ və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulu istehsalının genişləndirilməsi, bu sahədə sahibkarlığın inkişafı məqsədilə Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər aparılır.
Şərur Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri olan xarici və daxili infrastruktur, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri inşa edilib.
Eyni zamanda Sənaye Məhəlləsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə qarşılıqlı əlaqədə olaraq onlara inzibati prosedurların sadələşdirilməsi, güzəştli kreditlərin verilməsi, gəlir vergisinə güzəştin tətbiq olunması kimi hüquqlarının müdafiəsi həyata keçiriləcəkdir.
İlk mərhələdə bitki yağı, kağız-paket və karton tara, ayaqqabı, mebel məmulatları istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 4 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 50 yeni iş yeri yaradılması nəzərdə tutulub ki, bu da rayonda məşğulluğun və əhalinin rifahının artırılmasına öz töhfəsini verəcəkdir.
Bunlarla yanaşı, Şərur rayonunun əmək ehtiyatları və təbii resursları nəzərə alınaraq məhəllədə süd emalı, meyvə-tərəvəzin konservləşdirilməsi, tomat, ofis ləvazimatları, corab istehsalı sahələrinin yaradılması məqsədilə iqtisadi cəhətdən əsaslandırılmış layihələr hazırlanıb və bu sahələr üzrə sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi istiqamətində işlər həyata keçirilməkdədir.
Sənaye məhəlləsində həmçinin kiçik sahibkarlıq subyektləri və ailə təsərrüfatları tərəfindən yaradılması məqsədəuyğun hesab edilən arıçılıq məhsullarının qablaşdırılması, şirniyyat istehsalı, tekstil məhsulları və digər kiçik istehsal sahələri üçün də yerlər müəyyən edilib. Dövlətin güzəşt və qayğısı ilə əhatə olunan məhəllədə bu sahələrin qurulması gələcəkdə təsərrüfatların gəlirlərinin daha da artırılmasına, ixrac imkanlarının yaranmasına şərait yaradacaqdır.
Bu mühüm layihənin reallaşması muxtar respublikanın sosial-iqtisadi inkişafına təsir göstərməklə yanaşı, həm də sənayenin şaxələndirilməsinə dəstək olacaqdır.
Naxçıvan Muxtar Respulikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti