Nağdsız ödənişlərin üstünlükləri mövzusunda görüşlər keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə nağdsız ödənişlərin üstünlükləri mövzusunda görüşlər keçirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən  NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan şəhər Tumbul, Şahbuz rayonunun Kükü və Babək rayonunun Güznüt kəndlərində keçirilən tədbirlərdə sakinlərin rahatlığına xidmət edən  nağdsız ödənişlərin üstünlüklərindən  danışılıb.

Qeyd edilib ki, nağdsız ödənişlərin əhatə dairəsinin daha da genişləndirilməsi üçün muxtar respublikada fəaliyyət göstərən banklarda əhaliyə bir sıra məsafəli bank xidmətləri göstərilir. Banklarda hal-hazırda internet bankinq xidməti, mobil bankinq xidməti, kartların banka getmədən onlayn sifarişi, onlayn kreditlərin sifarişi, ödəniş terminalları vasitəsilə kommunal, kredit ödənişlərin, smart kartların balansının artırılması, mobil rabitə ödənişləri və s. əməliyyatların həyata keçirilməsi mövcuddur.

Diqqətə çatdırılıb ki, muxtar respublika ərazisində nağdsız ödəniş vasitələrinin həcminin artırılması daim diqqət mərkəzində saxlanılmaqla, Naxçıvan şəhərində, rayon mərkəzlərində, kənd yerlərində POS-terminallar quraşdırılır, bu vasitələrə əhalinin əlçatanlığı təmin edilir. 01 aprel 2022-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 116 ədəd, o cümlədən Naxçıvan şəhərində 61 ədəd, Babək rayonunda 6 ədəd, Şahbuz rayonunda 6 ədəd, POS-terminalların sayı 1548 ədəd, o cümlədən Naxçıvan şəhərində 739 ədəd, Babək rayonunda 95 ədəd, Şahbuz rayonunda isə 71 ədəd, ödəniş terminallarının sayı isə 150 ədəd təşkil edib. Cari ilin birinci rübündə quraşdırılan POS-terminallarla aparılan nağdsız əməliyyatların həcmi Naxçıvan şəhərində 7 milyon 910 min 705 manat, Babək rayonunda 492 min 934 manat, Şahbuz rayonunda isə 198 min 504 manat olub.

Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb və “nağdsız ödəyin-hədiyyə qazanın” adlı həvəsləndirici tədbirlərin maarifləndirici bukletləri iştirakçılara paylanılıb.

Qeyd edək ki, bu cür tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında “Rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası ilə əlaqədar keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: