Naxçıvanda 5 rayonu əhatə edəcək yeni layihə planlaşdırılır - FOTOLAR
Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq uğurla davam etdirilir. Bu əlaqələr çərçivəsində "Naxçıvan Muxtar Respublikasında Suvarma və Drenaj Sistemlərinin İnkişafı” layihəsi reallaşdırılacaq. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihə çərçivəsində bu gün texniki dəstək qrupu tərəfindən görülən işlər müzakirə edilib.
Naxçıvan Biznes Mərkəzində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev bildirib ki, "Naxçıvan Muxtar Respublikasında suvarma və drenaj sistemlərinin inkişafı” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək işlərlə əlaqədar Asiya İnkişaf Bankı ilə Fransanın “SOFRECO” və Banqladeşin “BETS Consulting Services” şirkətləri arasında 7 dekabr 2020-ci il tarixdə bir illik müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək layihələr yerində baxışın keçirilməsi, texniki-iqtisadi əsaslandırmanın, topoqrafik xəritələrin, ətraf mühitə təsirin qiymətləndirilməsi, ilkin layihə-smeta sənədlərinin hazırlanması, sosial və gender sorğu işlərinin, mühəndis-geoloji tədqiqatların aparılması və digər işlər nəzərdə tutulub.
Vurğulanıb ki, Texniki Dəstək Qrupunun beynəlxalq və yerli mütəxəssisləri müəyyən vaxtlarda Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Layihə ərazilərinə səfərlər edilib və kanalların mövcud vəziyyətinə baxış keçirilib və geoloji tədqiqat işləri aparılıb. Həmçinin layihə ərazisində yerləşən kəndlərdə icra nümayəndələri, bələdiyyələr, icmalar və fermerlərlə görüşlər keçirilərək layihələr barədə məlumat verilib, sosial və gender sorğuları aparılıb, sorğu anketləri doldurulub. Texniki Dəstək Qrupunun mütəxəssisləri aidiyyəti nazirlik və komitələrdə mütəxəssislərlə görüşlər keçirib və lazımi məlumatları toplayıblar. Layihələndirilməsi nəzərdə tutulan Bənəniyar gölünü su ilə təmin edən beton kanalın layihə-smeta sənədlərinin hazırlanması üçün topoqrafik işlər aparılıb və tikinti üçün geodeziya istinad məntəqələri quraşdırılıb.
Yəhya Allahverdiyev qeyd edib ki, missiyanın əsas məqsədi texniki yardımın ümumi icrası, o cümlədən Texniki Dəstək Qrupunun məsləhətçiləri tərəfindən hazırlanmış aralıq hesabatın qiymətləndirilməsi, texniki yardımın icrası üçün missiyanın diqqətini cəlb edən məsələlərin müzakirəsi, texniki yardımın növbəti mərhələsi və layihənin hazırlanmasının təmin olunması üçün fəaliyyət planının müzakirəsini keçirməkdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Zahid Qənbərov bildirib ki, 1999-cu ildən bəri Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq davamlı inkişaf edir. Bu əməkdaşlıqda Azərbaycanın Naxçıvan Muxtar Respublikasının da xüsusi yeri var. Ötən dövrdə Asiya İnkişaf Bankı Naxçıvan Muxtar Respublikasında su şəbəkələrinin qurulması, torpaqların şoranlaşmasının azaldılması və kənd təsərrüfatında məhsuldarlığın artırılması sahəsində aparılan işlərə böyük töhfə verib.
Zahid Qənbərov məlumat verib ki, Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında bağlanan kredit sazişinə əsasən Naxçıvan şəhərində həyata keçirilən "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı" layihəsi 2018-ci ildə uğurla başa çatıb. Asiya İnkişaf Bankı 2020-ci il fevralın 6-da “Naxçıvan Muxtar Respublikasında suvarma və drenaj sisteminin inkişafı” layihəsinin hazırlanması məqsədilə texniki yardımın təmin olunmasını təsdiq edib. Hazırda məsləhətçi şirkətlə işlər davam etdirilir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Asiya İnkişaf Bankı ilə əlaqələri bundan sonra da davam etdirməkdə maraqlıdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov qeyd edib ki, muxtar respublika üçün kənd təsərrüfatı olduqca əhəmiyyətli və strateji sahədir. Muxtar respublikada 64 min 713 hektar əkinə yararlı ərazi mövcuddur. Bu torpaqlarda suvarma sistemlərinin qurulması və inkişafı muxtar respublika üçün olduqca vacib məsələlərdəndir. Bu, istər ərzaq təhlükəsizliyinin təmin olunması, istərsə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi baxımından çox zəruridir. Bu baxımdan qeyd edilən layihə muxtar respublikada müvafiq sahələrin inkişafına böyük töhfə verəcəkdir.
Asiya İnkişaf Bankı Missiyasının rəhbəri Yaozhou Zhou çıxış edərək “Naxçıvan Muxtar Respublikasında suvarma və drenaj sistemlərinin inkişafı” layihəsi çərçivəsində Texniki Dəstək Qrupu tərəfindən görülən işlər barədə məlumat verib. Qeyd edib ki, bu istiqamətdə layihələr bundan sonra da davam etdiriləcək.
Texniki Dəstək Qrupunun rəhbəri Dineş Kumar Şrestha slaydlar vasitəsilə layihələr barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının 5 rayonunu əhatə edən 18 layihəyə qrupun 12 eksperti cəlb edilib.
Sonra görüş müxtəlif mövzularda davam edib, fikir mübadiləsi aparılıb.
Mahmud Hüseynov