Azərbaycan–Avropa İttifaqı biznes forumuna muxtar respublikanın nümayəndə heyəti də qatılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, mayın 17-də Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya Ticarət Palatası, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə “Azərbaycan-Avropa İttifaqı” biznes forumu keçirilib.  Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Səfir Peter Miçalko və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər. Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunduğu biznes forumda Avropa İttifaqı ölkələrinin və Azərbaycan şirkətlərinin nümayəndələri ölkəmizdə və Avropa İttifaqı ölkələrində bizneslə məşğul olmaq imkanları ilə tanış olunub.

Ticarət əlaqələrinin inkişafında, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsində, həmçinin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayan foruma Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. Nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının rəhbəri Vüqar Abbasov , “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Teymur Rzayev, həmçinin  Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti, “Müasir Məkan” ət və ət məhsulları müəssisəsi və “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri təmsil olunublar. Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Səfir Peter Miçalko arasında ikitərəfli görüş keçirilib. Görüşdə iqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikamızın sosial-iqtisadi inkişafı, biznes, investisiya mühiti barədə ətraflı məlumat verib və əməkdaşlıq imkanları barədə müzakirələr aparılıbdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: