Bakıda keçirilən Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisində Naxçıvan məhsulları nümayiş olunur - FOTOLAR

A- A A+

Mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri işə başlayıb.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər ölkələrin rəsmi şəxsləri “Caspian Agro 2022” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

“Caspian Agro 2022” və “InterFood Azerbaijan 2022” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edirlər.

Milli və regional stendlərin nümayiş olunduğu builki sərgilərdə 101-i yerli, 348-i xarici şirkət olmaqla ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edir. Kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribütorlar, topdan və pərakəndə satış təmsilçiləri, aparıcı istehsalçıları bir araya gətirən sərgidə “Ləzzət Qida Sənaye” MMC və Babək “Sirab” ASC də iştirak edir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, sərgidə muxtar respublikada istehsal olunan vafli, peçenye, biskvit, “TeaNati” çayları, limonad, krakerlər, lokumlar, paketlənmiş qənd,  dadlandırılmış qarğıdalı çubuqları, partladılmış qarğıdalı, qızardılmış araxis, ağ və qara günəbaxan tumları,  həmçinin müxtəlif çeşiddə “Sirab” mineral suları nümayiş olunur.

Qeyd edək ki, “Caspian Agro 2022” və “InterFood Azerbaijan 2022” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və iştirakı ilə keçirilən sərgilər mayın 20-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: