Muxtar respublikada əhalinin etibarlı ərzaq məhsulları ilə təminatında və özünüməşğulluğun həyata keçirilməsində prioritet istiqamətlərdən biri də heyvandarlığın inkişafıdır.
Son dövrlər bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası, yeni heyvandarlıq təsərrüfatlarının yaradılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə fermerlərə subsidiyaların verilməsi, baytarlıq idarələrinin maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminat heyvandarlığın inkişafına geniş imkanlar yaratmışdır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər cari ilin ilk dörd ayı ərzində də davam etdirilmiş, 28 heyvandarlıq təsərrüfatının yaradılması, 6 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 6 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 9 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2022-ci ilin yanvar-aprel aylarında 5 milyon 110 min 400 manat kredit verilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 3,1 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzinin yaradılması və 2021-ci ildə müvafiq mərkəzin istifadəyə verilməsi muxtar respublikada heyvandarlığın inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirdir.
Bu sahədə görülən işlərin nəticəsi olaraq 2022-ci ilin yanvar-aprel aylarında muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 3385 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövrdə 3993 baş sağlam bala alınmışdır.
Heyvandarlığın inkişafı üzrə həyata keçirilən tədbirlər muxtar respublikada iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının dinamik artımını təmin etmiş, 1 aprel 2022-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 127 min 269 baş, qoyun və keçilərin sayı 801 min 228 baş olmuşdur ki, bu da 1 aprel 2018-ci il tarixə olan göstəriciləri 6,6 və 8 faiz üstələmişdir.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə cari ilin yanvar-aprel aylarında 2 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılmış, 1 quşçuluq təsərrüfatının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, arıçılığın inkişafı istiqamətində müvafiq tədbirlər görülmüş, 2 arıçılıq təsərrüfatının, 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 1 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Cari ilin yanvar-aprel aylarında quşçuluğun və arıçılığın inkişafına, ümumilikdə, 137 min manat kredit verilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 2,9 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada bu sahədə görülən tədbirlərin davamlılığını təmin etmişdir. Bundan əlavə, baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası da bu sahənin inkişafına yeni imkanlar yaradır.
Muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində 2022-ci ilin yanvar-aprel aylarında Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi başa çatdırılmış, Culfa Rayon Baytarlıq İdarəsinin binasının tikintisinə başlanılmışdır.
Aqrar sahənin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri demişdir: “Kənd təsərrüfatı iqtisadiyyatın lokomotividir. Ona görə də kənd təsərrüfatı inkişaf etdirilməlidir ki, ölkədə digər sahələrin inkişafı da təmin olunsun. Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, kənd təsərrüfatının inkişafı qarşıdakı illərdə də məhsul bolluğu yaradacaqdır. Məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatı sahəsində əhalinin məşğulluğu təmin olunsun, məhsul istehsalı daha da artsın”.
Görülən işlərin nəticəsi olaraq 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-aprel aylarında muxtar respublikada diri çəkidə ət istehsalı 13 faiz artaraq 8837,4 ton, süd istehsalı 6,6 faiz artaraq 26949,5 ton, yumurta istehsalı isə 9,9 faiz artaraq 41 milyon 152 min ədəd təşkil etmişdir.
Əsas heyvandarlıq məhsulları istehsalı
(yanvar-aprel ayları üzrə)
2022-ci ilin yanvar-aprel aylarında 46 milyon 559 min 100 manatlıq heyvandarlıq məhsulları istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.
Heyvandarlığın inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər əhalinin etibarlı heyvandarlıq məhsulları ilə təminatına, emal sənayesinin, ümumilikdə, muxtar respublika iqtisadiyyatının davamlı inkişafına zəmin yaradır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti