“Cəbrayıl” enerji qovşağı ölkəmizin beynəlxalq enerji dəhlizi yaradılması sahəsində əhəmiyyətinin bariz nümunəsidir

A- A A+

“Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarinin, eləcə də “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir. Nəticə etibarı ilə Cəbrayıl - Naxçıvan - Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyə enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə olunacaq. 1000 MVt yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artıracaq. Uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerjisisteminə qoşulacaq.

Görülən işlər barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev jurnalistlərə bildirib ki, bir çox dövlətlərin marağında olduğu və beynəlxalq əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq layihənin gerçəkləşdirilməsi üçün 3 mərhələli planlaşdırma aparılıb. Bunun üçün birinci mərhələdə istismar müddətini keçən və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kV-luq “Ağcabədi” və “İmişli” yarımstansiyaları genişləndirilərək tam yenidən qurulacaq. “Ağcabədi” yarımstansiyasından 132 kilometr, İmişli yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksək gərginlikli 330 kV-luq ötürmə xətti çəkiləcək.

Ən əsası Cəbrayılda 330 kV-luq Qovşaq yarımstansiyası tikiləcək. 1000 meqavat yükötürmə gücündə olacaq “Cəbrayıl” enerji qovşağinin tikilməsiylə İranla müştərək tikilən “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarinin, eləcə də “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası həyata keçiriləcək. Qarabağ və Şərqi Zəngəzurun yeni yaradılmış ötürücü elektrik şəbəkəsinin etibarlılığı, dayanıqlılığı artırılacaq.

İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerjisistemi ilə əlaqələndirilməsi üçün Cəbrayıl qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə Muxtar Respublikanın Şahtaxtı kəndinə 255 kilometr məsafədə ikidövrəli olmaqla 330 kV-luq ötürmə xətti çəkiləcək və 330 kV-luq “Şahtaxtı” yarımstansiyası tikiləcək.

Üçüncü mərhələdə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün əlavə Avropa enerji standartlarına uyğun çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə iki dövrəli 400 kV-luq elektrik verilişi xətti çəkiləcək.

330 kV-luq “Cəbrayıl” yarımstansiyasının rəqəmsal idarəetmə sistemi yaradılacaq.

Yarımstansiyada 330 kV-luq və 110 kV-luq açıq paylayıcı qurğular, 10 kV-luq qapalı paylayıcı qurğular və müasir idarəetmə mərkəzi inşa olunacaq. Yarımstansiyaya mövcud layihələrin inteqrasiyası ilə bərabər, gələcəkdə genişlənmə imkanları nəzərə alınmaqla əlavə əsas və köməkçi qurğuların yerləşməsi də nəzərə alınacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: