Rəcəb Tayyib Ərdoğan: Azərbaycan ilə enerji sahəsində əməkdaşlığımız ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıyır
Bütün sahələrdə olduğu kimi, enerji sahəsində də Can Azərbaycan ilə mükəmməl səviyyədə davam edən əməkdaşlığımız ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıyır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlandığı təbrik məktubunda yer alıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın məktubunda Azərbaycanın və Türkiyənin birlikdə reallaşdırdıqları nəhəng layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları vurğulanıb: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Trans-Anadolu təbii qaz boru kəməri – TANAP kimi nəhəng layihələrin həyata keçirilməsi ilə regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verdik. Hazırda yaşadığımız kritik dönəmdə TANAP-ın onurğa sütununu təşkil etdiyi Cənub Qaz Dəhlizi Avropanın dördüncü təbii qaz arteriyası rolunu oynayır. Cənub Qaz Dəhlizi ilə bu günədək Türkiyəyə 15 milyard kubmetr, Avropanın digər ölkələrinə isə 10 milyard kubmetr təbii qaz nəql edilib. İlham qardaşımla birlikdə əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırdığımız Şuşa Bəyannaməsində də vurğuladığımız kimi, Cənub Qaz Dəhlizinin potensialının artırılmasının önəmini ifadə etdik. Beynəlxalq aləmdə yaşanan proseslər atdığımız bu addımların nə qədər doğru olduğunu göstərir. Türkiyə-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyi artıq daha yaxşı dərk olunur”.
Məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpa olunan enerji növlərinin inkişafı istiqamətində də mühüm addımlar atdığını qeyd olunub: “Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycanın bərpa olunan enerji sahəsində nümayiş etdirdiyi mövqe regional sabitlik və rifah baxımından yol xəritəsi rolunu oynayır. Bu baxımdan Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji bölgəsi” elan edilməsi son dərəcə düzgün addımdır”.
Türkiyə dövlətinin başçısı enerjinin və enerji təhlükəsizliyinin əhəmiyyətinin getdikcə artdığı bir dövrdə keçirilən Bakı Enerji Həftəsinin işinə uğurlar arzulayıb, bütün iştirakçılara təbriklərini çatdırıb.