NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 13-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində Ali Məclisin Sədri Vasif Talıbovun iştirakı ilə baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilib, yeni avtomobil və laboratoriya avadanlıqlarının təqdimatı olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək bildirib ki, 2021-ci ildə muxtar respublikada heyvandarlıq sahəsinə 1 milyon 745 min manat, bu ilin ötən dövründə isə 556 min 800 manat həcmində kredit verilib ki, bu da iri fermer təsərrüfatlarının formalaşmasına, yeni emal müəssisələrinin yaradılmasına səbəb olub. Hazırda muxtar respublikada heyvandarlıqla məşğul olan 12 sahibkar 100-1000 baş arası iribuynuzlu, 425 sahibkar 100-500 baş, 39 sahibkar isə 500 başdan yuxarı xırdabuynuzlu heyvan saxlayır. Heyvandarlıq məhsullarının artırılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında və xəstəliklərin qarşısının alınmasında süni mayalandırmanın böyük əhəmiyyəti vardır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika üzrə süni mayalandırma yolu ilə 79 min 385 baş cins bala alınaraq sahibkarlara 4 milyon manatdan artıq subsidiya ödənilib.