Gömrük orqanları ilə karqo şirkətləri arasında əməkdaşlığın artırılması istiqamətində görülən işlər müzakirə olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən iclasda komitənin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 mart 2021-ci il tarixli Qərarına əsasən muxtar respublikada sürətli poçt xidmətlərinin təşkili, müvafiq qaydada lisenziya almış şirkətlər tərəfindən fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, qısa müddətdə görülmüş məqsədyönlü işlərin nəticəsində artıq Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətləri müasir tələblər səviyyəsində qurulub, insanların rahatlığı təmin olunub, gömrük orqanları ilə karqo şirkətləri arasında səmərəli əməkdaşlıq platforması yaradılıb. Karqo şirkətləri ilə rübdə bir dəfə görüşlərin keçirilməsinin və qarşıya çıxan məsələlərin vaxtaşırı müzakirəsinin təşkil olunmasının önəmini qeyd edən komitə sədri vurğulayıb ki, muxtar respublikada sürətli poçt xidmətlərinin göstərilməsi üçün yaradılan əlverişli şəraitin nəticəsidir ki, daşımaların həcmi xeyli artıb. Karqo şirkətləri yaradılan şəraitdən səmərəli istifadə etməli, xarici ölkələrdə şəxslər tərəfindən alınan malların karqolar vasitəsilə gətirilməsi təşviq olunmalıdır. Diqqətə çatdırılıb ki, sürətli poçt göndərişləri və onların çatdırılmasına, həmçinin qanunvericiliklə qadağan olunan malların daşınmamasına dair tələblər daim diqqətdə və nəzarətdə saxlanılmalı, gömrük məqsədləri üçün mal-müşayiət sənədləri düzgün təqdim olunmalı, malların gömrük sərhədindən sürətli formada keçirilməsi üçün əvvəlcədən düzgün bəyanetməyə diqqət artırılmalıdır.
Komitənin Əməliyyat və Təhqiqat şöbəsinin rəisi Mahir Orucov, Mobil Gömrük şöbəsinin rəisi İbrahim Mahmudov, Sədərək Gömrük Postunun rəis əvəzi Turqut Abbasov karqo yüklərinin gömrük rəsmiləşməsi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları barədə məlumat veriblər. Tədbirdə karqo şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb, yeni təkliflər dəyərləndirilib.
İclasa yekun vuran Komitə sədri gömrük orqanları ilə karqo şirkətləri arasında əməkdaşlığın muxtar respublikaya sürətli poçt xidmətləri vasitəsilə gətirilən bütün mallar üzərində gömrük nəzarətinin tələb olunan səviyyədə həyata keçirlməsi, gömrük sahəsində hüquqpozma hallarına yol verilməməsi və təhlükəziliyin təmin edilməsi baxımından əhəmiyyətini qeyd edərək, qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Adilə Səfərova