"Cahan Holdinq" KŞİ Londonda keçirilən "Azərbaycanda biznes mühiti" iclasında təmsil olunub - FOTOLAR
Londonda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində "Azərbaycanda biznes mühiti" mövzusunda panel müzakirələr keçirilib. İclasda “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı da təmsil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ələt Azad İqtisadi Zonası, “BP” şirkəti və Britaniya Palatası nümayəndələrinin iştirak etdiyi müzakirələr biznes mühitinin davamlı yaxşılaşdırılması, qarşılıqlı investisiyaların artırılması, enerji keçidi, rəqəmsal iqtisadiyyat və infrastruktur kimi sahələrdə əməkdaşlığa həsr olunub.
Azərbaycan Respublikası İxrac və İnvestisiyaların Təşviqi Agentliyi- AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin Böyük Britaniya ilə iqtisadi-ticarət əlaqələrinə dair məlumat verib. Bildirilib ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafa nail olunub, əlverişli biznes və investisiya mühiti yaradılıb, artan maliyyə imkanları ölkəmizi investora çevirib.
AZPROMO-nun rəhbəri Böyük Britaniya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.
İclasda Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası tərəfindən iştirak edən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı İdarə Heyətinin üzvü Ənvər Əhmədov Azərbaycanla Böyük Britaniya arasındakı ikili iqtisadi əlaqələrin inkişafından, iqtisadi dövriyyə həcminin genişləndirilməsindən danışıb.
Tədbir çərçivəsində müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.