Naxçıvan Avtomobil Zavodunda elektromobillər istehsal olunacaq - FOTOLAR

A- A A+

Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması məqsədilə 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib. Bu istiqamətdə həyata keçirilən uğurlu layihələrdən biri də Naxçıvana elektromobillərin gətirilməsi və Naxçıvan Avtomobil Zavodunda onların istehsal şəraitinin yaradılması istiqamətində atılan addımlardır.

Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəliftəyinatlı və modellərdəki nümunələrinin muxtar respublikada istehsal olunması Naxçıvanda maşınqayırma sənayesinin gücləndirilməsinə, eləcə də iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Naxçıvan Avtomobil Zavodunun qarşısında yeni hədəflər var. Avtomobil sektorunda olan inkişafla ayaqlaşmaq məqsədilə günümüzdə tələbatı artmaqda olan elektrikli avtomobillərin istehsalına başlanılacaq. Yüksəkkeyfiyyətli elektrikli avtomobillərin istehsalı üçün ilkin addımlar artıq atılıb, layihə üzərində işlərin təməli qoyulub.

Belə ki, iyunun 13-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının prezidenti Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Çin Xalq Respublikasının “Lifan” korporasiyasının baş icraçı direktoru Danfer Deng və korporasiyanın regional direktoru Çan Kayın iştirak etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüş zamanı Naxçıvan Avtomobil Zavodunda elektromobillərin istehsalı üçün yenidənqurma və infrastrukturun yaradılması üçün şərtlər müzakirə edilib. Həmçinin tərəflər arasında Naxçıvan Avtomobil Zavodunda 2 növ elektrikli avtomobillərin və 1 növ yanacaqla işləyən avtomobillərin istehsalı ilə bağlı anlaşma protokolu imzalanıb.

Danışıqlar zamanı Çinin “Lifan” korporasiyasının regional direktoru Çan Kayın Naxçıvana səfəri və Naxçıvan Avtomobil Zavodunda elektromobillərin istehsalı üçün lazımi infrastrukturun qurulması istiqamətində layihələrin hazırlanması planlaşdırılıb.

Görüşün sonunda “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının prezidenti Vüqar Abbasov və Çin Xalq Respublikasının “Lifan” korporasiyasının baş icraçı direktoru Danfer Deng qarşılıqlı hədiyyələr təqdim ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: