Naxçıvanda maşınqayırma sənayesi də inkişafda olan sahələrdəndir. Xüsusilə 2022-ci ilin muxtar respublikada “sənaye ili” elan edilməsi bu sahənin inkişafına daha da təkan verdi. Maşınqayırma sənayesinin inkişafının əsas istiqamətlərindən biri də dövlət dəstəyinin genişləndirilməsidir. Bu baxımdan son illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu sahənin inkişafı məqsədilə 7 milyon manatdan artıq kredit ayrılıb. Bunun nəticəsidir ki, NAZ-da bu günədək 18 modeldə Lifan, 2 modeldə FAW avtomobilinin istehsalına nail olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avtomobil zavodu fəaliyyəti dövründə sosial layihələrdə də yaxından iştirak edib. Belə ki, 2936-sı “Lifan 320” və 129-u “Lifan 330” modelləri olmaqla, 3065 avtomobil sağlamlıq imkanları məhdud şəxslər üçün istehsal edilib.
Müəssisədə indiyədək istehsal olunan 972 “Lifan 620” model avtomobilin 485-i taksi kimi xidmət göstərməkdədir. Bugünədək isə zavodda 6 mindən çox avtomobil istehsal olunub.