2022-ci ilin yanvar-may aylarında Sədərək rayonunda 1 milyon 171 min manatlıq sənaye məhsulu istehsal olunub
Sədərək rayonunda 2022-ci ilin ilk 5 ayında 1 milyon 171 min manatlıq, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çox sənaye məhsulu istehsal olunub. 2022-ci ilin yanvar-may aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 181 min 600 manat həcmində investisiya yönəldilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox olan bu investisiyanın 6 milyon 608 min 100 manatı və ya 92 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Rayonda 2022-ci ilin yanvar-may aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yük və sərnişin daşınması da 1,4 faiz artıb. Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 197 min 200 ton yük, 299 min 900 sərnişin daşınıb. Yük və sərnişin daşınmasından, bütövlükdə, 675 min 700 manat gəlir əldə edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çoxdur.
Sözügedən dövrdə rayon üzrə informasiya və rabitə xidmətlərinin həcmi 501 min 600 manat olub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz çoxdur. 2022-ci ilin yanvar-may aylarında Sədərək rayonunda 10 telefon çəkilişi olub ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 66,7 faiz çoxdur.
1 iyun 2022-ci il tarixə olan məlumata əsasən rayon ərazisində 1302 hektar sahədə əkilən yazlıq bitkilərin 85 hektarını dənli və dənli-paxlalılar (qarğıdalısız), 37 hektarını dən üçün qarğıdalı, 29 hektarını dən üçün günəbaxan, 119 hektarını kartof, 386 hektarını tərəvəz, 194 hektarını ərzaq üçün bostan bitkiləri, 452 hektarını cari ilin çoxillik otları təşkil edir.
Həmçinin 2022-ci ilin yanvar-may aylarında rayonda diri çəkidə 208 ton ət, 821 ton süd, 641 min yumurta istehsal edilib. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 1,4 faiz artıb. Kənd təsərrüfatı sektorunda 1 milyon 404 min 100 manatlıq məhsul istehsal edilib ki, bu da 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 1,8 faiz çoxdur.
2022-ci ilin yanvar-may aylarında rayonda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz artaraq 15 milyon 202 min 300 manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsinin 3,3 faizini və yaxud 507 min 900 manatını iaşə əmtəə dövriyyəsi təşkil edib. 2022-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,3 faiz artaraq 1 milyon 652 min 600 manat olub. Ödənişli xidmətlərin 18,8 faizi və yaxud 310 min 200 manatı məişət xidmətlərinin payına düşüb.
Rayonda 2022-ci ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqının məbləği 662,6 manat olub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.
Qeyd edək ki, 1 iyun 2022-ci il tarixə Sədərək rayonunda əhalinin sayı isə 22793 nəfərdir.
“Oğuz yurdu” qəzeti