Laçın Beynəlxalq Hava Limanı azad edilən torpaqlarda inşa olunan sayca üçüncü hava limanıdır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kvadratmetr olacaq. Terminalın sahəsi isə 5 min kvadratmetrdir. Hazırda aeroport ərazisinin hamarlaşdırılması işləri görülür. Burada saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstərmək mümkün olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “AzVirt” MMC-nin Baş direktorunun müşaviri Ceyhun Səfərov bildirib.
Tikinti işlərinin 2024-cü ildə başa çatdırılacağını deyən C.Səfərov qeyd edib ki, hava hərəkətinin idarə edilməsi qülləsi, transformator otağı, su çəni, qazanxana, nəzarət-buraxılış məntəqəsi və digər yardımçı tikililərin layihələndirmə işləri həyata keçirilib. Gələcəkdə burada beynəlxalq uçuşların icrası üçün tam şərait yaradılacaq.
Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci il avqustun 16-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qoyulub.
Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.