Ölkə üzrə taxıl sahələrinin 66 faizində biçin başa çatıb - 2 milyon tona yaxın məhsul yığılıb

A- A A+

Respublikada taxıl biçini davam edir. İyulun 4-nə olan operativ məlumata görə, taxıl sahələrinin 66 faizində biçin prosesi yekunlaşıb. Biçin tam başa çatmış rayonların əkin sahələrində yay şumuna başlanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov jurnalistlərə bildirib ki, bu il Azərbaycanda hər hektardan 50-60 sentnerdən yuxarı məhsul götürən fermer təsərrüfatlarının sayı əvvəlki ilə nisbətən daha çoxdur: “Həmin təsərrüfatlarda apardığımız monitorinqlər göstərir ki, bol məhsul götürülməsində iki faktor önəmli rol oynayıb. O fermerlər sahələrdən daha yüksək məhsul götürürlər ki, əkin materialı kimi sertifikatlı toxumdan istifadə edirlər, həmçinin sahələrə düzgün aqrotexniki qulluq göstərirlər. Taxılçılıqda aqrotexniki qulluğun ilk mərhələsi biçindən dərhal sonra yay şumunun aparılmasıdır. Yay şumu becərmə dövründə fermerlərin əkin məsrəfinin azalması, həm də növbəti mövsümdə daha çox məhsul götürməsi baxımından mühüm əhəmiyyəti var. Yay şumu torpağın strukturunu yaxşılaşdırır, alaq otlarına və gəmiricilərə qarşı mübarizə üçün sərf olunan xərcləri azaldır, torpağın üzvi gübrə ilə zənginləşməsini təmin edir. Təcrübəni nəzərə alaraq, fermerlərimiz bu il də biçindən sonra yay şumu aparmağa daha çox maraq göstərir. Artıq ölkə üzrə biçin başa çatmış ərazilərin 20 faizində yay şumu aparılıb”.

Artıq ölkə üzrə taxıl sahələrinin 66 faizində biçin başa çatıb. Ümumilikdə sahələrdən 1 milyon 968 min 320 ton məhsul yığılıb. Hazırda biçin prosesində 1655 kombayn iştirak edir. Bunlardan 651-i “Aqroservis” ASC-nin balansında olan kombaynlardır. Biçində həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 1004 kombayn da iştirak edir. Biçin prosesinin optimal müddətdə başa çatması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: