OPEC-in baş katibi Məhəmməd Barkindo vəfat edib

A- A A+

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo vəfat edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Nigeriya Beynəlxalq Neft Şirkətinin baş direktoru Mele Kyari məlumat verib.

Altmış üç yaşında vəfat edən baş katibin ölüm səbəbi hazırda məlum deyil.

M.Barkindo 2016-cı il avqustun 1-dən vəfat edənə qədər OPEC-in baş katibi olub. Azərbaycana daim xoş münasibətlər bəsləyən M.Barkindo 2020-ci il yanvarın 21-də Davosda Prezident İlham Əliyevlə görüşü zamanı demişdi: “Cənab Prezident, xatırlayırsınızsa, beş il bundan əvvəl bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz. Çünki Siz də dediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdik və onu eyni bazarlara satırdıq. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü”.

M.Barkindonun vəfatı ilə tviterdə paylaşım edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov onun ən mürəkkəb dövrdə neft bazarının tənzimlənməsində əvəzsiz xidmətləri olduğunu bildirib: “Onun tərcümeyi-halı OPEC-in tarixçəsi oldu. OPEC ilə həmyaşıd olması, təşkilatın intibahının onun baş katibliyi illərinə təsadüf etməsi, OPEC-dəki və həyatdakı missiyasını eyni vaxtda başa vurması nadir rast gəlinən qanunauyğunluq idi. Allah rəhmət eləsin!”.

Qeyd edək ki, M.Barkindo bu ilin avqustun 1-də vəzifəsini küveytli neft eksperti Haytam al-Qaisə ötürəcəkdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: