“Maliyyə məktəbi” layihəsi sona çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən ötən ildən keçirilən “Maliyyə məktəbi” layihəsi çərçivəsində “Gələcək üçün maliyyə” mövzusunda təlimlər başa çatıb.

Muxtar respublikanın şəhər və rayonlarını əhatə edən layihədə 150 gənc iştirak edib. Layihənin sonuncu mərhələsi Kəngərli rayon gənclərinin iştirakı ilə təşkil olunub. Çıxış edənlər təlimin məqsəd və əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, təlimlər sayəsində gənclər istehlak və qənaət vərdişləri qazanır, düzgün iqtisadi plan qurulması və maliyyə qərarlarının verilməsi barədə məlumatlanır, ümumilikdə maliyyə sahəsi ilə bağlı bilik, bacarıq və davranışlarını təkmilləşdirmək imkanı əldə edirlər.

Sonra Maliyyə Tədris Mərkəzinin təlimçisi İbrahim Şərifov "Pulun formalaşması və yeni nəsil valyuta”, “Büdcə nədir?”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzularda ətraflı məlumatlar verib.

Sonra sözügedən mövzuları əhatə edən intellektual yarış keçirilib. İlk üç yeri tutan komandalar və üzvləri Maliyyə Tədris Mərkəzi tərəfindən sertifikatlarla, qalib olan “Zəfər” komandası isə hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, ötən ildən mərhələli şəkildə keçirilən və muxtar respublikanın bütün bölgələrini əhatə edən təlimlərdə fəal iştirak edən 90 nəfərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: