NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib. Ali Məclisin Sədri qeyd edib ki, muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə, taxıla olan tələbat isə əsasən yerli istehsal hesabına ödənilir. Bu il buğdanın kiloqramı 60, arpanın kiloqramı isə 48 qəpikdən qəbul olunur. Hazırda muxtar respublikada ümumi tutumu 27 min ton olan taxıl ehtiyatı anbarı, 14 taxıl emalı müəssisəsi və 6 su dəyirmanı fəaliyyət göstərir. Taxıl istehsalının artırılmasının digər bir səbəbi də buğda və arpanın sərfəli qiymətlərlə alınmasıdır. Naxçıvan Muxtar Respublikasının torpaq balansına əsasən kənd təsərrüfatına yararlı torpaqların 36 faizi, yəni 64 min hektardan çoxu əkin altındadır ki, bunun da 82 faizi - 52 min hektardan çoxu suvarılan sahələrdir. Muxtar respublikanın əkin strukturunda taxıl sahələri ümumi əkilən ərazilərin 52 faizini təşkil edir.