NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirədə iştirak edən Ali Məclisin Sədri müşavirədən sonra muxtar respublika üzrə taxıl biçininin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, bu ilin məhsulu üçün 32 min 567 hektarda payızlıq taxıl əkini keçirilib ki, onun 21 min 369 hektarını buğda, 11 min 198 hektarı arpadır. 899 hektarda isə yazlıq taxıl əkini keçirilib ki, onun da 9 hektarını buğda, 890 hektarını isə arpa əkinləri təşkil edir. Əkinlərin 908 hektarı dəmyə sahələrdir. Taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün 93 taxılbiçən kombayn, 690 traktor, eləcə də digər texnika və avtomobillər hazır vəziyyətə gətirilib, zəruri ehtiyat hissələri alınıb. Eyni zamanda intensiv biçin aparılan sahələrdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının 12 yanğınsöndürmə qrupu xidmət aparır.