"Naxçıvanbank" ASC 2022-ci ilin ikinci rübü üçün maliyyə göstəricilərini açıqlayıb.
2022-ci ildə "Naxçıvanbank"ın ümumi aktivlərinin həcmi 67 milyon 527 min manat artıb. Sözügedən dövrdə bankın aktivləri ötən ilin müvafiq dövründən 24.4 % daha çox olub.
"Naxçıvanbank" kredit portfelinin həcmi ikinci rübün hesabat dövründə 31.5 %, yəni 39 milyon 475 min manat artımla 164 milyon 562 min manata yüksəlib.
Bankın depozit portfeli 2021-ci illə müqayisədə cari ilin ikinci rübündə fiziki və hüquqi şəxslərin depozitləri ilə birlikdə 42.5 % artaraq 169 milyon 292 min manat təşkil edib. Həmçinin bankın depozit portfeli müddətli kreditlər hesabına 14 milyon 324 min manat artıb.
Hesabat dövrü ərzində banka cəlb edilmiş vəsaitlər üzrə kapital ötən ilin qeyd olunan dövrünə nisbətən 9.2 % artıb. Nizamnamə kapitalının artımı 9 milyon 570 min manat və ya 11.3 % təşkil edib. Ümumilikdə “Naxçıvanbank” ASC-nin nizamnamə kapitalı 94 milyon manata yüksəlib.
Bankın mənfəəti 2022-ci ilin ikinci rübündə 7 milyon 813 min manat təşkil edib. Beləliklə, 2021-ci ilin ikinci rübü ilə müqayisədə cari ilin ikinci rübündə bankın mənfəəti 1.7 dəfə və ya 3 milyon 169 min manat artıb. Mənfəətin bu dərəcə yüksəlməsi bank gəlirlərinin artmasından qaynaqlanır.
Prioritet sahələrdən olan nağdsız əməliyyatların inkişafına təkan verən və təmassız ödəməni asanlaşdıran POS-terminalların sayında da artım müşahidə edilib. Belə ki, keçən illin müvafiq dövrü ilə müqayisədə 2022-ci ildə aktiv POS-terminalların sayı artaraq 1096-ya çatıb.