Bu ilin ilk 6 ayı ərzində yerli hava xətləri ilə Naxçıvan-Bakı istiqamətində 183 mindən çox sərnişin daşınıb
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Beynəlxalq Hava Limanında 2022-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib. Keçirilən iclasda Hava limanının direktoru Mənşur Gülməmmədli iyulun 16-da keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında verilən tapşırıqları diqqətə çatdıraraq bildirib ki, “Naxçıvan” Beynəlxalq Hava Limanı yaradılan şəraitdən, qurulanlardan, alınan maşın-mexanizmlərdən və texnikalardan səmərəli istifadə edərək xidmətin keyfiyyətini və intizamı daha da yüksəltməlidir.
Cari ilin ötən 6 ayında hava limanında görülən işlərlə bağlı məruzə edən Mənşur Gülməmmədli bildirib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, turizm imkanlarının genişlənməsi hava nəqliyyatına da tələbatı artırıb. Hava limanında əhaliyə və turistlərə hərtərəfli xidmət göstərmək üçün lazımi şərait yaradılıb, infrastruktur təkmilləşdirilib. Direktor qeyd edib ki, hava limanında sərnişin dövriyyəsi və sıxlığı nəzərə alınaraq 3-cü teleskopik trap quraşdırılıb və iyunun 28-də istifadəyə verilib, teleskopik trap üçün 48 metrlik keçid yolu inşa edilib. Trapı enerji ilə təmin etmək üçün yeni transformator binası da tikilib, zəruri avadanlıqlar quraşdırılıb. Sərnişinlərin rahatlığını təmin etmək üçün Hava limanının aerovağzal kompleksinin Şərq və Qərb terminalının giriş hissəsinin qarşısına çardaq tikilib. “Şərəf zalı” salonuna 2 müxtəlif güclü kompressor, 12 soyuducu və qızdırıcı sistem quraşdırılıb. Sərnişin və yük daşımaları ilə bağlı məlumat verən Mənşur Gülməmmədli diqqətə çatdırıb ki, sərnişin daşımalarında 2022-ci ilin ilk 6 ayı ərzində yerli hava xətləri ilə Naxçıvan-Bakı istiqamətində 183 min 650 sərnişin, 3 milyon 42 min 400 kq baqaj, 733 min 240 kq yük, 12 min 300 kq poçt, Naxçıvan-Gəncə istiqamətində 3 min 19 sərnişin, 51 min 360 kq baqaj, 129 kq yük daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan-İstanbul istiqamətində 880 sərnişin, 12 min 569 kq baqaj, Naxçıvan-Moskva istiqamətində isə 2 min 688 sərnişin, 40 min 237 kq baqaj daşınıb.
Bildirilib ki, cari ilin ötən dövründə işçi personalın rahatlığı da təmin edilib və bunun üçün Hava limanına 58 sərnişin tutumuna malik 1 "King-Long" markalı elektrobus alınıb istismara verilib, həmçinin yük çəkmə qabiliyyəti 4 ton olan 2 baqajçəkmə traktoru və yük götürmə qabiliyyəti 2 ton olan 2 baqajyükləyici avtokonveyer alınıb. Aviasiya Təhlükəsizlik xidmətinin maddi texniki bazası da möhkəmləndirilib.
İclasda aidiyyəti üzrə tapşırıqlar verilib, nöqsanlar müzakirə olunub.
Sonra məruzə ətrafında xidmət və sahə rəisləri çıxış edərək hesabat dövründə aidiyyəti üzrə görülən işlər və 2022-ci ilin ikinci yarısında qarşıda duran vəzifələrlə əlaqədar məlumat veriblər.
Ərhan Novruzov