2022-ci ilin ilk yarımilində kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə 8 milyon 860 min 700 manat kredit verilib - FOTOLAR

A- A A+

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

2022-ci ilin məhsulu üçün muxtar respublikada 64259 hektar sahədə əkin aparılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılıb və 2022-ci ilin məhsulu üçün 33 min 466 hektar sahədə taxıl əkilib ki, bunun da 32 min 567 hektarı payızlıq, 899 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 21 min 378 hektarında buğda, 12 min 88 hektarında isə arpa əkilib. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 745 hektar artıb. Hazırda taxıl zəmilərindən məhsul tədarükü davam etdirilir.

Cari ildə dən üçün qarğıdalı əkini sahəsi 1348 hektar olub.

Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılıb və 2022-ci ildə 3 min 481 hektar sahədə kartof əkini aparılıb ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 11 hektar çoxdur.

2022-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 74 hektar sahədə tütün əkini aparılıb.

Həmçinin cari ilin ilk yarımilində 3 istixana təsərrüfatının və 1 soyuducu anbarın yaradılması, 4 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 2 soyuducu anbarın yaradılması istiqamətində işlər davam etdirilib.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2022-ci ilin yanvar-iyun aylarında 93 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. 2022-ci ilin ilk yarımilində 61 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 38-i nağd yolla satılıbdır. Bu dövrdə məhsul istehsalçıları 7 min 836,3 ton mineral gübrə ilə təmin olunublar.

2022-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 8 milyon 860 min 700 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur.

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2022-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 3,7 faiz çox, yəni 152 milyon 756 min 100 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunubdur.

Bu dövr ərzində həmçinin meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqətdə saxlanılıb, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılıb, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazilərində qapalı suvarma və kollektor-drenaj şəbəkəsinin, Nehrəm qəsəbəsi, Şahbuz rayonunun Külüs, Mahmudoba, Nursu kəndləri ərazilərində qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilibdir.

Bundan əlavə, Kəngərli rayonunda Şahtaxtı Gömrük Sərhəd-Buraxılış Məntəqəsinə gedən avtomobil yolunun kənarında bir subartezian quyusunun tikintisi başa çatdırılıb.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülüb, 2022-ci ilin ilk yarımilində 232 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 122 min 700 ağac və gül kolu əkilib.

Muxtar respublikada hidrometeorologiya və meşə təsərrüfatı sahələrində maddi-texniki bazanın gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya, Meşələrin İnkişafı və Meşə Təsərrüfatı idarələrinin inzibati binasının tikintisi davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: