Muxtar respublikada 2022-ci ilin ilk yarımilində heyvandarlıq sahəsinə 7 milyon 9 min 600 manat kredit verilib

A- A A+

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2022-ci ilin ilk yarımilində də diqqətdə saxlanılıb, 31 heyvandarlıq təsərrüfatının yaradılması, 13 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 11 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 11 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2022-ci ilin yanvar-iyun aylarında 7 milyon 9 min 600 manat kredit verilib.

2022-ci ilin yanvar-iyun aylarında heyvandarlıq təsərrüfatlarında 5 min 897 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövrdə 7 min 938 baş sağlam bala alınıb.

1 iyul 2022-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 130 min 970 baş, qoyun və keçilərin sayı 832 min 114 baş olub ki, bu da 1 iyul 2021-ci il tarixə olan göstəricilərdən müvafiq olaraq 1,6 və 1,9 faiz çoxdur.

Sözügedən dövrdə daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılıb, 1 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının yenidən qurulması isə davam etdirilir.

2022-ci ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 13978,3 ton ət, 51907,8 ton süd istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 və 1,5 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası uyğun olaraq 2022-ci ilin yanvar-iyun aylarında 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının və 3 arıçılıq təsərrüfatının yaradılması, 3 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 4 arıçılıq təsərrüfatının yaradılması davam etdirilib. Təsərrüfat subyektlərinə 2022-ci ilin ilk yarımilində 384 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 35,6 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırıb.

Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 2022-ci ilin ilk yarımilində Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi başa çatdırılıb, Culfa Rayon Baytarlıq İdarəsinin binasının tikintisi isə davam etdirilibdir.

Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə yeni avtomobillər və laboratoriya avadanlıqları, o cümlədən bitkiçilik və baytarlıqda istifadə olunan dərman preparatlarının səyyar satışını həyata keçirmək məqsədilə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinə “Changan” markalı uyğunlaşdırılmış səyyar aptek avtomobili verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: